EN

Toyuq əti ALARKƏN BUNLARA DİQQƏT ETMƏSƏNİZ...-XƏBƏRDARLIQ

Son günlər toyuq ətinin tərkibində rast gəlinən bəzi fiziki qüsurlar və törəmələr istehlakçılar arasında ciddi narahatlığa səbəb olub. Xüsusilə toyuğun dəri səthində və müxtəlif nahiyələrində müşahidə olunan kiçik, bərk və papilomaya bənzər törəmələrin insan sağlamlığı üçün yaratdığı risklər gündəmi zəbt edib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Nemət Carçıyevin sözlərinə görə, bu cür hallar əsasən quşların saxlanma şəraiti və genetik müdaxilələrlə birbaşa bağlı ola bilər: “Toyuq ətində rast gəlinən və asanlıqla qopmayan o bərk törəmələr əslində quşun keçirdiyi virus infeksiyalarının və ya daxili iltihabi proseslərin xaricə vuran əlamətləri ola bilər. Vətəndaşlar çox vaxt buna adi dəri qırışığı kimi baxsa da, bu törəmələrin tərkibində patogen mikroorqanizmlərin toplanma ehtimalı olduqca yüksəkdir və bu, birbaşa qida təhlükəsizliyi qaydalarına ziddir”.

O, qeyd edib ki, istehlakçılar tərəfindən çox vaxt fərq edilməyən digər bir təhlükə isə toyuğun bud nahiyəsində yerləşən vəzlərlə bağlıdır: “Toyuğun bud və quyruq hissəsində yerləşən vəzlər quşun orqanizmində filtr rolunu oynayır və bir çox hallarda antibiotiklərin, eləcə də digər kimyəvi preparatların qalıqları məhz bu nahiyələrdə cəmləşir. Bişirilməzdən əvvəl həmin vəzlər mütləq kəsilib atılmalıdır, çünki yüksək temperaturda belə həmin zərərli maddələrin tamamilə məhv olması zəmanət verilmir və insan orqanizmində toksiki yükün artmasına səbəb olur”.

Ekspert bildirib ki, vətəndaşlar bazarlıq edərkən və məhsulu hazırlayarkən son dərəcə diqqətli davranmalı, hər hansı şübhəli struktur gördükdə həmin hissəni istifadə etməməlidirlər: “Məhsulu alarkən dərinin rənginə, hamarlığına və üzərində kənar törəmələrin olub-olmamasına baxmaq şərtdir. Əgər toyuğun bud nahiyəsində və ya dərisində bərk düyünlər, papiloma tipli çıxıntılar varsa, bu, quşun kəsimdən əvvəl sağlamlıq problemləri yaşadığının göstəricisidir. İnsanlar bu cür ətləri istehlak etməklə özlərini potensial allergik reaksiyalara və həzm sistemi pozğunluqlarına məruz qoyurlar, odur ki, vizual yoxlama prosesi mətbəxdə ən vacib mərhələ hesab olunmalıdır”.

Tunar


Chosen
2
1
azia.az

2Sources