EN

Türk mədəniyyəti və birliyi ADF 2026-nın diqqət mərkəzində

BAKI. TurkicWorld:

19 aprel 2026-cı il tarixində Antaliya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Dil və kimliyin bir əsri: Bakı Türkologiya Qurultayından türk inteqrasiyasına doğru” adlı panel sessiyada çıxış edib.

TurkicWorld xəbər verir ki, fondun prezidenti türkologiyanın elmi əsaslarının formalaşmasında və ortaq mədəni kimliyin möhkəmləndirilməsində Birinci Bakı Türkologiya Qurultayın mühüm rolunu vurğulayıb. Professor Aktotı Raimkulova, həmçinin UNESCO tərəfindən “15 dekabr – Türk dili ailəsi günü”nün elan edilməsinin türk dil irsinin beynəlxalq səviyyədə tanınması baxımından vacib addım olduğunu qeyd edib.

Aktotı Raimkulova bu kontekstdə Fondun həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdıraraq, bərpa və muzeyləşdirmə layihələri, beynəlxalq konfranslar, elmi nəşrlər və rəqəmsal platformanı xüsusilə qeyd edib. O, eyni zamanda Fondun UNESCO platformasında fəal fəaliyyətini və genişmiqyaslı mədəni layihələrin təşviqini vurğulayıb.

Aktotı Raimkulova qeyd edib: “Bu gün həyata keçirdiyimiz bir çox ideyalar hələ təxminən yüz il əvvəl dövrün görkəmli alim və ziyalıları tərəfindən irəli sürülmüşdür". O əlavə edib ki, cari ilin dekabr ayında Türk Mədəniyyəti və İrsi Fondu üzv dövlətlərin dəstəyi ilə Parisdə, UNESCO-nun baş qərargahında Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş genişmiqyaslı tədbir keçirməyi planlaşdırır.

Paneldə, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKPA-nın Baş katibi Ramil Həsən və Türk Dil Qurumunun prezidenti Osman Mert iştirak ediblər.

Panel sessiyası türk dünyasında humanitar və mədəni əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirəsi və fikir mübadiləsi üçün mühüm platforma olub.

Chosen
10
2
turkic.world

3Sources