EN

Nəsibə Zeynalovanın nəvəsi: "Sonda hamımıza cansağlığı arzuladı, dedi, Cahangir də gəlsin"- MÜSAHİBƏ

BAKI, 20 aprel. TELEQRAF

Mərhum Xalq artisti Nəsibə Zeynalovanın qızlığa götürdüyü nəvəsi, Əməkdar incəsənət xadimi Cahangir Zeynalovun qızı Nəsibə Novruzova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bu gün mərhum Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə məzarını ziyarət etdiniz. Nəsibə xanımın xatirəsi haqqında nə demək istərdiniz?

- Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Nəsibə Zeynalovanın məzarını ziyarət etdik. Nəsibə xanımın uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının və Teatr Xadimləri İttifaqının rəhbərləri ilə birlikdə məzarı başında toplandıq. Mədəniyyət nazirinin müavini Murad Hüseynov Nəsibə Zeynalovanın həyat və yaradıcılığından danışdı. Sənət dostları İlham Namiq Kamal, Hacı İsmayılov və digərləri nənəmlə bağlı xatirələrini bölüşdülər.

- Sizcə, bu gün cəmiyyətimizdə Nəsibə Zeynalovanın xatirəsi layiqincə yaşadılırmı?

- Nəsibə Zeynalova 2004-cü ildən aramızda yoxdur. Bu gün televiziyada onun rol aldığı filmlər nümayiş olunur. Bu, həm yaşlı nəslin yaddaşını yeniləyir, həm də gənclərin onu daha yaxından tanımasına imkan yaradır. Televiziya ekranlarında Nəsibə xanımın film və obrazlarının tez-tez nümayişi onun sənətinin yaşamasına böyük töhfə verir. Beləliklə, təkcə gənclər deyil, uşaqlar da onu tanımağa başlayır, yaratdığı obrazlara maraq göstərirlər. Bu, sübut edir ki, illər keçsə də Nəsibə xanımın sənəti aktuallığını qoruyub saxlayır.

Amerikada yaşayan tanışlarımız var. Onlardan biri mənə deyir ki, "Qaynana" filminin məşhur mahnısı səslənəndə uşağı dərhal oynamağa başlayır. Deməli, Nəsibə xanımın yaratdığı sənət və oynadığı filmin ruhu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı ailələrində də yaşayır və sevilir.

Onu da deyim ki, bu yaxınlarda Özbəkistanda "Qaynana" filmi nümayiş olunub.

Hər il Nəsibə xanımın doğum və vəfat günləri ehtiramla yad edilir. Anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Prezident İlham Əliyevin sərəncamı ilə çox təntənəli yubiley tədbiri təşkil olundu. Bütün bunlar göstərir ki, Nəsibə xanım təkcə böyük sənətkar deyil, həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biridir, onun sənəti illər keçsə də yaşayır.

Nəsibə Zeynalovanın sənət və yaradıcılığı həm dövlətimiz, həm də teatr ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib. Onun səhnə fəaliyyəti Azərbaycan mədəniyyətinin inkişafında mühüm yer tutur, bu gün də böyük hörmətlə xatırlanır.

Nəsibə Zeynalovanın yaratdığı obrazlar, xüsusilə teatr və kino sahəsindəki unudulmaz rolları tamaşaçıların yaddaşında silinməz iz qoyub. Buna görə də onun sənəti təkcə yaşadığı dövrdə deyil, bu gün də dəyərini qoruyur və yeni nəsillərə örnək kimi təqdim olunur.

- Ailə üzvü kimi Nəsibə Zeynalovanı necə xatırlayırsınız? Gündəlik həyatda necə insan idi?

- Nənəmi yalnız gözəl xatirələrlə yad edirəm. Mən Nəsibə xanımın yanında böyümüşəm, bütün qastrol səfərlərində onunla olmuşam. Məktəbdən gəldikdən sonra babamla birlikdə onun məşqlərinə gedirdik.

Uşaqlıqda aktrisa olmaq istəyirdim, amma qismət olmadı. Buna baxmayaraq, sənətdən də uzaq düşmədim. Hazırda Mədəniyyət Nazirliyində çalışıram, teatrlarla sıx əməkdaşlıq edirik.

- Sizin üçün necə nənə idi?

- Nəsibə xanımla o qədər çox xatirəmiz var ki, onların içində ən parlaqı məhz budur. Təxminən 5-6 yaşım olardı. Tamaşa bitəndən sonra nənəmə gül vermək üçün səhnəyə qalxdım. Nənəm əlimdən tutdu, tamaşaçılar qarşısında birlikdə baş əydik. İlk dəfə səhnəyə çıxanda insanların nənəmə olan sevgisini və böyük rəğbətini hiss etdim.

Biz demək olar ki, 24 saat bir yerdə olurduq, nənəmlə birlikdə yaşayırdım. Səhhəti ilə bağlı müəyyən problemləri olurdu. Həmişə deyirdi ki, “sən mənim anamsan, sən mənə qızım kimi baxırsan”.

Yadımdadı, Teatr Xadimləri İttifaqı tərəfindən nənəmə medal təqdim olunmalıydı. Səhhətindəki problemə görə ailə adından medal mənə təqdim edildi. Medalın üzərində “1 nömrə” yazılmışdı. Onu götürdüm və evdə nənəmə verdim. Zarafatla soruşdu ki, medal qızıldır? Mən də “yox” dedim, medalı yaxasına özüm taxdım.

Biz artıq anlayırdıq ki, bu dünyada müvəqqəti qonaqdır. Ondan qoruşdum: “Nə istəyirsən?” Cavab verdi ki, “sizə can sağlığı arzulayıram. Cahangir də gəlsin”. Bir stəkan su istədi, həmin axşam vəfat etdi. Nənəm vəfat edəndə otağındakı saatın əqrəbləri dayandırıldı. O saatı hələ də saxlayırıq.

- Sizcə, gənc nəsil Nəsibə Zeynalovanın yaradıcılığını kifayət qədər tanıyırmı? Onun sənətinin daha geniş yaşadılması üçün hansı addımların atılmasını istərdiniz?

- Qeyd edim ki, "Qaynana" filminə yeni avadanlıqlarla müəyyən düzəliş edilib, rəng effekti və sair verilib. Ailəmiz haqqında İlham Rəhimli kitab yazır. Hər zaman övladlarımıza da Azərbaycan mədəniyyətini sevməyi aşılamışıq. Qızım rəssamdır. Sənətə bağlı ailəyik. Aktyorluq sahəsində nəslimizdən Nəsibə xanımın yolunu davam etdirən olmasa da, ümid edirəm ki, incəsənət sahəsində həmişə kimimizsə olacaq.

- Əgər bu gün tamaşaçılara və sevənlərinə onun haqqında bir mesaj vermək imkanınız olsa, nə deyərdiniz?

- Yalançı gülüş arzu etmirəm, çünki bu gün bu anlayış çox dəyərdən düşüb. Nəsibə Zeynalova deyəndə onun simasında Azərbaycan qadınını, ana obrazını görürük və yaratdığı obrazlara hörmətlə yanaşırıq. Hamı haqqında danışa bilmərəm, amma bəzən Azərbaycan qadınının səviyyəsinin aşağı salındığını müşahidə edirik. Halbuki Azərbaycan qadını mərd, dürüst və alnıaçıqdır. Mən Azərbaycan qadınını hər zaman yüksək və uca görmək istəyirəm.

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrının hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu gün teatrda çox peşəkar bir mühit yaradılıb. Teatr rəhbərliyi bir neçə tamaşa hazırlayıb. Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş tamaşa da nümayiş etdirildi. Akademik Musiqili Teatrın rəhbəri ilə söhbətimiz zamanı bildirildi ki, daha gözəl və maraqlı tamaşalar təqdim olunacaq. Çünki istedadlı gənclərimiz var və onlar üzərlərində daim çalışırlar.

- Nəsibə Zeynalovanın daha çox hansı filmini sevirsiniz?

- Nəsibə Zeynalovanın bütün obrazlarını sevirəm, amma daha çox “Yuxu” filmindəki rolunu bəyənirəm. Nənə obrazı mənə daha yaxın idi...

Chosen
7
teleqraf.com

1Sources