Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ötən günlərdə martın 9-da keçirilən 11 illik buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimal 300 bal toplayan abituriyentlərin sayı isə cəmi 2 nəfərdir. Bu isə buraxılış imtahanından sonra imtahanın çətin olması ilə bağlı səsləndirilən fikirləri yenidən gündəmə gətirir.
Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin fikrincə, 9 martda keçirilən buraxılış imtahanları ilə bağlı nəsə deməyə qəti ehtiyac yoxdur:
"Bir məsələ var: görünən dağa nə bələdçi. On minlərlə gənc arasında yalnız iki abituriyent maksimal nəticə göstərib. Bu, ötən illərlə müqayisədə neçə dəfə az abituriyent deməkdir. Axı bir ilə, bir neçə ilə abituriyentlərin, şagirdlərin savadlılıq dərəcəsi bu qədər aşağı enə bilməz. Savadlılıq dərəcəsi nə bu qədər yuxarı qalxa bilər, nə də bu qədər aşağı enə bilər. Bu, intellektual reallıqdır. Burada məsələ sualların mürəkkəb tərtibindən irəli gəlir".

Müsahibimiz vurğuladı ki, testologiyanın da öz prinsipləri var:
"Testologiyada da təqdim olunan suallar arasında müəyyən bölgü elementləri var və bu bölgü elementlərində asan, orta və çətin dərəcəli suallar bölünür. Amma həmin bu bölgüdə bu sualların hansı formatda tərtib olunması, zaman amili ilə nə dərəcədə uyuşması artıq başqa söhbətin mövzusudur.
Hazırda buraxılış imtahanlarının ilk mərhələsinin cavabları açıqlansa belə, imtahan abituriyentlərin o qədər də ürəyincə olmayıb. Maksimal iki nəfərin bal toplaması məsələnin görünən tərəfidir, amma məsələnin görünməyən tərəfi də var. Bu, minimal bal toplayanların da daha çox artmasına işarədir. Məsələn, 100 ballıq həddi aşa bilməyənlər ixtisas seçimi zamanı hər ixtisas qrupu üzrə bir neçə ixtisası seçə bilirlər. Bu isə ixtisas seçimində çox ciddi bir gərginliyə səbəb olacaq. Məsələn, 3 qrupa verən bir abituriyenti nümunə götürək. Abituriyent buraxılış imtahanında iştirak edir, 85 bal toplayır. Blok imtahanından isə 280 bal yığır. Amma o, buraxılışdan 100 ballıq həddi keçmədiyi üçün yalnız və yalnız üç ixtisası seçə bilir. Bunlar muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və TC qrupu varsa, yəni coğrafiyanı seçibsə, yalnız o zaman regionşünaslıq seçə bilər. O qədər üçüncü ixtisas qrupunun ixtisasları arasında abituriyent buraxılış imtahanı nəticəsi zəif olduğuna görə yalnız üçünü seçə bilir. Bu isə məsələni dramatikləşdirən əsas faktorlardan biridir".
Elmin Nuri blok imtahanlarının səviyyəsinin necə ola biləcəyi məsələsinə də toxundu:
"Blok imtahanlarının nisbətən sadələşəcəyini ehtimal edirəm. Bu, mənim subyektiv yanaşmamdır. Əgər olmasa, blok yenə də öz çətinliyi ilə seçilsə, o zaman keçid ballarında azalmalar ola bilər".
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.