Diplomatiya bəzən uzun sənədlər, mürəkkəb bəyanatlar və saatlarla davam edən çıxışlarla izah olunur...
Müəllif: Aqil Ələsgər /Antalya
Amma elə məqamlar olur ki, böyük geosiyasi proseslər bir platformada toplanır, bəzən isə bir kadrda cəmlənir. Son illərdə məhz belə platformalardan biri Türkiyənin ev sahibliyi etdiyi Antalya Diplomatiya Forumudur. Bu forum artıq təkcə beynəlxalq tədbir deyil, qlobal siyasətin istiqamətlərinin müzakirə olunduğu, yeni güc mərkəzlərinin özünü göstərdiyi bir dialoq meydanına çevrilib.

Forumun mahiyyəti və məqsədi
Antalya Diplomatiya Forumu siyasi liderləri, diplomatları, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən yüksək səviyyəli qlobal platformadır. Forumun əsas məqsədi dünyada artan gərginliklər, regional münaqişələr, iqtisadi və təhlükəsizlik çağırışları fonunda dialoqu gücləndirmək, fikir mübadiləsi aparmaq və ortaq həll yolları axtarmaqdır.
Bu tədbir diplomatiyanın yalnız kabinetlərdə deyil, açıq müzakirə mühitində formalaşdığını göstərən nümunədir. Burada dövlətlər rəqabət aparmaqla yanaşı, eyni zamanda əməkdaşlıq imkanlarını da müzakirə edirlər.
2026 forumu: qeyri-müəyyən dünyada yol axtarışı

Beşinci Antalya Diplomatiya Forumu 17-19 aprel 2026-cı il tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsində və Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirildi. Bu il forumun əsas mövzusu “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklələ mübarizə aparmaq” idi.
Mövzu təsadüfi seçilməmişdi. Dünya artıq əvvəlki kimi sabit deyil. Geosiyasi qarşıdurmalar artır, enerji və ticarət marşrutları dəyişir, böyük güclər arasında rəqabət sərtləşir. Belə bir dövrdə dövlətlərin əsas vəzifəsi yalnız problemləri izləmək deyil, onları qabaqlamaq və strateji qərarlar verməkdir.
Forumda səslənən mesaj aydın idi: gələcək təsadüfən formalaşmır, o planlaşdırılır.

Rəqəmlər forumun miqyasını göstərir
2026-cı ildə keçirilən Antalya Diplomatiya Forumu həqiqətən də geniş iştirakla yadda qaldı. Dünyanın müxtəlif bölgələrindən yüzlərlə nümayəndə Antalya şəhərində bir araya gəldi və bu platforma bir daha qlobal diplomatiyanın əsas görüş məkanlarından biri olduğunu göstərdi.
Forumun rəsmi məlumatlarına görə, tədbirdə 150-dən çox ölkədən və 60-dan artıq beynəlxalq təşkilatdan ümumilikdə təxminən 6 min 400 iştirakçı qatıldı. Bu rəqəm forumun təkcə regional deyil, qlobal miqyasda qəbul edilən bir siyasi platformaya çevrildiyini açıq şəkildə göstərir.

İştirakçıların səviyyəsi də diqqətçəkici idi. 23 dövlət və hökumət başçısı, 13 dövlət və hökumət başçısının müavini, 50-yə yaxın nazir, o cümlədən 47 xarici işlər naziri, həmçinin parlament sədrləri və deputatlar eyni platformada müzakirələr apardı. Bu, diplomatiya tarixində nadir hallarda rast gəlinən geniş təmsilçilik nümunəsi kimi qiymətləndirilir.
Bu faktın özü göstərir ki, Antalya artıq sadəcə konfrans keçirilən şəhər deyil. Antalya tədricən qlobal diplomatiyanın yeni ünvanlarından birinə, müxtəlif güc mərkəzlərinin dialoq apardığı strateji platformaya çevrilir.
Liderlərin bir kadra sığan mesajı

Forumun ən çox müzakirə olunan məqamlarından biri isə bir foto oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin bir araya gəldiyi görüntü qısa müddətdə forumun simvoluna çevrildi.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu fotonu şərh edərkən çox maraqlı bir ifadə işlətdi: “Bəzən tarix uzun çıxışlarda deyil, bir kadrda yazılır”.
Bu sözlər təsadüfi deyildi. Çünki həmin foto sadəcə üç liderin görüşü deyil, yeni siyasi reallığın vizual ifadəsi idi.
Şuşadan Antalyaya uzanan qardaşlıq xətti

Bu üçlük ilk dəfə yan-yana dayanmadı. Onların siyasi və strateji yaxınlığı daha əvvəl Şuşada keçirilən görüşlərdə də özünü göstərmişdi. Şuşada başlayan qardaşlıq Antalyada davam etdi və artıq regional əməkdaşlıqdan qlobal mesaj səviyyəsinə yüksəldi.
Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər yalnız dostluq münasibəti deyil. Bu münasibət təhlükəsizlik, enerji, logistika və diplomatiya sahələrində real əməkdaşlıq üzərində qurulub.
Bu səbəbdən həmin foto emosional jestdən daha çox siyasi simvol kimi qəbul edildi.

Alternativ güc mərkəzlərinin yüksəlişi
Dünya uzun illər ərzində bir neçə əsas paytaxtın ətrafında formalaşan siyasi sistemlə idarə olunurdu. Lakin son illərdə bu balans dəyişir. Yeni regional güclər ortaya çıxır və qlobal qərarların qəbulunda daha aktiv rol oynayır.
Ankara, Bakı və İslamabad kimi paytaxtların eyni platformada ortaq mövqe nümayiş etdirməsi məhz bu dəyişimin göstəricisidir. Bu ölkələr artıq yalnız regional aktor deyil, qlobal proseslərdə söz sahibi olmaq iddiası ilə çıxış edirlər.
Antalya Diplomatiya Forumu da bu transformasiyanın əsas meydanlarından birinə çevrilib.

Diplomatiya həm də güc nümayişidir
Antalya Diplomatiya Forumu göstərdi ki, diplomatiya yalnız müzakirə deyil, həm də güc nümayişidir. Bu platforma vasitəsilə dövlətlər öz mövqeyini dünyaya çatdırır, yeni ittifaqlar formalaşdırır və gələcəyin siyasi xəritəsini cızır.
Və bəzən bütün bu proseslərin mahiyyəti bir fotoda cəmlənir.
Ərdoğan, Əliyev və Şahbaz Şərifin Antalyadakı görüntüsü məhz belə bir mesaj verdi: Qardaşlıq davam edir, əməkdaşlıq güclənir və yeni dünya nizamında alternativ güc mərkəzləri artıq səhnəyə çıxır.
Poliqon.info