EN

Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş

ain.az bildirir, Olke.az portalına istinadən.

ABŞ–İran qarşıdurması ətrafında formalaşan son dinamika artıq klassik regional böhran çərçivəsini aşaraq, qlobal güc balansının sınağa çəkildiyi mürəkkəb və çoxqatlı geosiyasi qarşıdurmaya çevrilib. İki həftəlik atəşkəsin faktiki olaraq çökməsi, tərəflərin maksimalist mövqelərdən geri çəkilməməsi və vasitəçilik cəhdlərinin nəticəsiz qalması göstərir ki, proses yeni daha təhlükəli mərhələyə daxil olur.

Atəşkəsin formal xarakteri və hərbi eskalasiya

Vaşinqtonun Oman körfəzində İran bayrağı ilə üzən gəmini saxlaması və ardınca baş verən qarşılıqlı hücumlar faktiki olaraq atəşkəsi mənasızlaşdırdı. Tehran bu addımı açıq şəkildə “piratçılıq” kimi qiymətləndirdi və cavab olaraq ABŞ hərbi hədəflərinə qarşı dron zərbələri endirdiyini bildirdi.

Bu fonda Donald Trumpın ritorikası xüsusilə diqqət çəkir. O, açıq şəkildə hərbi eskalasiyanın anonsunu verərək yazıb: “Artıq cənab yaxşı oğlan yoxdur! Onlar tez və asanlıqla təslim olacaqlar” və daha da sərtləşərək əlavə edib: “Əgər razılaşma olmasa, son 47 ildə digər prezidentlərin etməli olduqlarını etməkdən şərəf duyacağam”.

Bu sitatlar diplomatik dildən uzaq olmaqla yanaşı, ABŞ-ın strategiyasının mahiyyətini açıq göstərir ki, təzyiq yolu ilə razılaşmaya məcburetmə.

Trampın digər açıqlaması isə vəziyyətin nə qədər kritik olduğunu ortaya qoyur: “Əgər razılaşma əldə edilməsə, ABŞ İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü sıradan çıxaracaq”. Bu, artıq sadəcə təhdid deyil, potensial hərbi planın konturlarının ictimai şəkildə ifadəsidir.

Tehranın mövqeyi: geri addım yoxdur

İran tərəfi də geri çəkilmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir. Məsud Pezeşkian rəhbərliyində Tehran ABŞ-ın şərtlərini “qeyri-real və qəbuledilməz” adlandıraraq danışıqların ikinci mərhələsində iştirakdan imtina siqnalı verib.

İranın rəsmi mövqeyi belə ümumiləşdirilə bilər: ABŞ təzyiq göstərir və danışıqları diktə etmək istəyir; İran isə bunu suverenliyə təhdid kimi qiymətləndirir  və bu səbəbdən kompromisə getmək daxili siyasi risk yaradır 

Tehranın mesajı aydındır ki, təzyiq altında razılaşma olmayacaq.

İslamabadın diplomatik missiyası: mümkün olmayan kompromis

Sahbaz Şərif rəhbərliyi altında Pakistanın vasitəçilik təşəbbüsləri geosiyasi baxımdan diqqətəlayiqdir. Şahbaz Şərifin Məsud Pezeşkian ilə 45 dəqiqəlik telefon danışığı və region ölkələri ilə koordinasiya cəhdləri göstərir ki, İslamabad bu böhranın qarşısını almaqda maraqlıdır.

Baş nazir Şahbaz Şərifin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Pakistan regional sülh və təhlükəsizliyin təşviqi istiqamətində dürüst və səmimi səylərini davam etdirəcək. Lakin reallıq budur ki, nə ABŞ, nə də İran geri çəkilmir. Belə olan halda vasitəçi isə yalnız  danaışqılar üçün platforma yarada bilir. Bu isə danışıqların baş tutmasını belə sual altına salır.

İran “oyunda fiqur” tezisi: geosiyasi reallıq

Mövcud vəziyyətin ən mühüm analitik aspektlərindən biri İranın roludur. Formal olaraq Tehran müstəqil aktor kimi çıxış etsə də, faktiki proseslər göstərir ki, o, daha geniş geosiyasi oyunun tərkib hissəsinə çevrilib.

Bu yanaşmanı əsaslandıran amillər bunlardan ibarətdir. Birincisi, böhranın uzanmasında maraqlı güclər var. İkincisi, nəqliyyat dəhlizləri uğrunda mübarizə. Çünki Körfəz və ətraf region qlobal logistikanın əsas arteriyalarından biridir. Üçüncüsü, geosiyasi balans oyunu. Hansı ki, böyük güclər bir-birini zəiflətmək üçün İran faktorundan istifadə edir. Başqa sözlə, Tehran yalnız öz qərarları ilə deyil, həm də xarici güclərin maraq toqquşmasının təsiri altında hərəkət edir.

Hörmüz boğazı: qlobal böhranın açarı

 Hörmüz boğazı ətrafında baş verənlər böhranın miqyasını dramatik şəkildə genişləndirir. İranın boğazı bağlaması ilə bağlı açıqlamaları və ABŞ-ın dəniz blokadası qlobal iqtisadi sistem üçün birbaşa risk yaradır.

Trampın “onlar fərqinə varmadan bizə kömək edirlər… keçidin bağlanması səbəbindən gündə 500 milyon dollar itirən elə özləridir” ifadəsi həm də iqtisadi müharibənin açıq etirafıdır.

Qlobal iqtisadi təsirlər: yeni böhran dalğası?

Artan gərginlik artıq bazarlarda hiss olunur. Əgər tərəflər danışıqlar masasına əyləşməzsə, o zaman dünya bazarında neftin bahalaşması qaşılmaz olacaq ki, bu da ciddi  böhran dalğasına səbəb olacaq. 

Analitiklərin “ehtiyatla nikbinlik” adlandırdığı vəziyyət əslində çox kövrəkdir. Çünki hərbi eskalasiya riski yüksəkdir. Enerji təchizatı təhlükə altındadır, ticarət zəncirləri qırılma həddinə yaxınlaşır. Bu isə qlobal miqyasda inflyasiya, enerji böhranı, maliyyə qeyri-sabitliyi kimi nəticələr doğura bilər.

Yeni mərhələ: nə baş verə bilər?

Mövcud dinamika bir neçə ssenarini mümkün edir:

1. Lokal hərbi əməliyyatlar. Dəniz toqquşmaları və lokal zərbələr davam edəcək

2. Məcburi diplomatik razılaşma. Böyük güclərin təzyiqi ilə tərəflər kompromisə gedə bilər. 

3. Genişmiqyaslı qarşıdurma. Ən təhlükəli ssenari  isə Körfəzdə açıq müharibə başlaya bilər.

Qlobal sistem üçün sınaq

ABŞ–İran qarşıdurması artıq sadəcə iki ölkə arasında mübahisə deyil. Bu, qlobal güclərin maraqlarının kəsişdiyi, enerji, təhlükəsizlik və iqtisadiyyatın bir-birinə qarışdığı kompleks böhrandır.

Donald Trumpın sərt ultimatumları və Tehranın müqaviməti göstərir ki, tərəflər geri addım atmaq niyyətində deyil.

Bu isə bir reallığı ön plana çıxarır ki, Körfəzdə gərginliyin davam etməsi təkcə regional deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi və sistemli təhdidə çevrilib.

 Mürtəza Bünyadlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
olke.az

2Sources