EN

""Donuzlar körfəzi" əməliyyatının uğursuzluğu Amerika hərbi yaddaşında hələ də silinməyən bir travmadır"

"ABŞ Prezidenti Donald Trampın son dövrlərdə İran böhranının həllindən sonra növbəti hədəfin Kuba olduğuna dair çıxışları həm siyasi, həm də hərbi dairələrdə geniş rezonans doğurub. Pentaqonun Kuba əməliyyatı üçün hazırlıqlara başladığına dair bəyanatları ilk baxışda prezidentin sözlərini təsdiqləyirmiş kimi görünsə də, bu açıqlamaların real hərbi müdaxilə və ya işğal planları ilə nə dərəcədə üst-üstə düşdüyü mübahisəlidir".

Bu fikirləri Redaktor.az-a türkiyəli politoloq İsmail Cingöz bildirdi.

Onun sözlərinə görə, ABŞ administrasiyasının bu cür kəskin ritorika seçməsinin arxasında dayanan əsas səbəbin İrandan sonra yaranacaq geosiyasi boşluğu doldurmaq və qlobal diqqəti Yaxın Şərqdəki müharibənin gətirdiyi enerji böhranı və iqtisadi çətinliklərdən yayındırmaq olduğu ehtimal edilir:

"Nəzəri cəhətdən mümkün olsa da praktiki müstəvidə Amerikanın Kubaya birbaşa hərbi müdaxiləsi olduqca aşağı ehtimallara dayanır. Kubanın Rusiya və Çin ilə mövcud olan sıx siyasi-strateji əlaqələri belə bir addımın Vaşinqton üçün diplomatik və siyasi xərclərini həddindən artıq yüksəldir. Eyni zamanda Latın Amerikası ölkələrinin bu müdaxiləyə göstərəcəyi kəskin reaksiya ABŞ-nin beynəlxalq aləmdəki imicinə ciddi zərbə vuraraq onu "işğalçı ölkə" statusunda daha da tündləşdirə bilər. Keçmişdə yaşanan "Donuzlar körfəzi" əməliyyatının uğursuzluğu isə Amerika hərbi yaddaşında hələ də silinməyən bir travma olaraq qalır və yeni bir məğlubiyyət riski orduda ciddi narahatlıq yaradır".

Müsahibimizin fikrincə, strateji baxımdan Kubanın ABŞ üçün İran qədər kritik bir təhdid yaratmadığı aydın görünür:

"Nüvə silahı, regional hegemonluq iddiaları və ya qlobal enerji marşrutları üzərində nəzarət imkanları olmayan bir ölkəyə qarşı hərbi güc tətbiqi həm daxili, həm də xarici ictimaiyyətə izah edilməsi çətin olan bir prosesdir. Üstəlik, İran müharibəsindən sonra ABŞ-nin qarşısında tamamilə fərqli prioritetlər dayanacaqdır. Yaxın Şərqdə pozulmuş balansların bərpası, İran qarşısında yetərincə qorunmadıqlarını düşünən Körfəz ölkələri ilə münasibətlərin tənzimlənməsi və Çin ilə qlobal rəqabətdə itirilmiş mövqelərin geri qaytarılması Vaşinqtonun əsas diqqət mərkəzində olacaqdır. Müharibə xərcləri və İsrailə göstərilən dəstək nəticəsində iqtisadi baxımdan zəifləyən ABŞ-nin yeni bir cəbhə açmaq yerinə toparlanmağa ehtiyacı duyulacaqdır".

Siyasi şərhçinin sözlərinə görə, bütün bu amillər fonunda Kubanın hərbi deyil, daha çox siyasi bir hədəf olaraq qalacağı gözlənilir:

"Amerika birbaşa işğal əvəzinə iqtisadi embarqoları sərtləşdirmək, kəşfiyyat və kiber əməliyyatlar vasitəsilə daxili sabitliyi sarsıtmaq və dəniz blokadası kimi hibrid metodlarla təzyiqi artırmaq yolunu seçəcəkdir. Yekun olaraq, Amerikanın Kubaya hərbi müdaxilə ehtimalı olduqca zəif görünür, lakin mövcud rejimi yıpratmağa yönəlmiş asimmetrik fəaliyyətlərin intensivləşməsi ən real ssenari kimi qəbul edilməlidir".

Xədicə BAXIŞLI

Chosen
19
1
redaktor.az

2Sources