EN

“Azərbaycan–Türkiyə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənir” - Vüqar Bayramov

“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfər etdi”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, Antalya Diplomatiya Forumu artıq regional çərçivəni aşaraq qlobal məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilib və Azərbaycanın bu tədbirdə iştirakı ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəmi göstərir.

Vüqar Bayramov qeyd edib ki, Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir: “2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar təşkil edib. Azərbaycan bu ticarətdə 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir”.

Deputat vurğulayıb ki, əsas hədəf qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. O əlavə edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür və bu, onu ölkənin ən böyük tərəfdaşlarından birinə çevirir.

Vüqar Bayramov bildirib ki, iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmır: “Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb”.

Deputat qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri strateji münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir və bu səfər də əlaqələrin inkişafında yeni mərhələ olacaq.

Müəllif: Günel Fərzəliyeva
Chosen
37
sia.az

1Sources