EN

BEA: Hazırda 200-dən çox neft və 10 LNG tankeri Hörmüz boğazından keçmək üçün gözləyir  

Hazırda Körfəz bölgəsində xam neft və neft məhsulları daşıyan 200-dən çox tanker və 10 mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından keçmək üçün gözləyir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.

O, Hörmüz boğazının açılması ilə bu tədarükün bazara çatacağını və müəyyən rahatlamanın müşahidə olunacağını bildirib.

“Hörmüz boğazının bağlı qalması həcmi 110 trilyon dolları keçən qlobal iqtisadiyyat üçün əhəmiyyətli enerji təhlükəsizliyi riski yaradır. Qısa müddətdə bazarda gündəlik 13 milyon barel xam neft itkisi olub. Dünyanın sutkalıq neft tələbatının təxminən 100 milyon barel olduğunu nəzərə alsaq, 13 milyon barel böyük bir itkidir. Həmçinin təxminən 100 milyard kubmetr təbii qaz təchizatı itkisi var. Hazırda əvvəlki bütün enerji böhranlarından daha böyük böhran müşahidə edirik”, - deyə icraçı direktor vurğulayıb.

Fatih Birol qeyd edib ki, Yaxın Şərqdəki hücumlar zamanı 84 enerji obyektinə ziyan dəyib, onlardan 34-ü ciddi zərər görüb. Bu obyektlərdə istehsalın normal səviyyəyə qayıtması ən azı iki il çəkəcək, bəziləri üçün isə bu proses iki ildən çox ola bilər.

Chosen
64
23
azerbaijan-news.az

10Sources