EN

Yağışlar pambıqçıları ağlar qoyub

Meteoroloqların əvvəlcədən xəbərdarlıq etdiyi kimi, aprel ayı Azərbaycanın əksə bölgələrində normadan artıq yağıntılarla müşayiət olunur. Bu yağıntılar şəhərlərdə evlərin su ilə dolması, rayonlarda isə əkinlərin, bağların məhv olması ilə nəticələnməkdədir.

Ataların dediyi “yeddi il quraqlıq olar aclıq olmaz, bir illik yağanlıq hamını ac qoyar” misalı son illərdə Azərbaycanda tam təsdiqini tapmaqdadır. 2024-cü ilin yağışları kənd təsərrüfatına ağır zərbə vurmuşdu, bu zərbə 2025-ci ildə xeyli dərəcədə aradan qalxdı. İndi isə yenidən kəndlinin əkin-səpinini, bağlarını sellər yuyub aparır.

Məlumdur ki, hazırda bölgələrdə yazlıq səpinlərin qızğın vaxtıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən aprelin 1-dək ölkə üzrə 119 min 219,3 hektar sahədə əkin işləri aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azdır. Bu zaman dənli və dənli-paxlalı bitkilərin əkini 2,4 faiz, tərəvəz əkini 9,2 faiz, kartof 7,4 faiz, bostan 11,3 faiz azalıb, texniki bitkilər(pambıq və şəkər çuğunduru) əkini 6,4 faiz, yemlik bitkilər 5,6 faiz artıb.


featured-image-236873

Güclü yağıntıların davam etməsi ölkənin əsas kənd təsərrüfatı məhsullarından biri olan pambığın əkinlərinə böyük zərər vurmaqdadır. Sabirabad rayonunda pambıqçılıqla məşğul olan fermer Əfras Əsgərovun Musavat.com-a dediyinə görə, yağışlar torpağa səpilən pambıq çiyidini məhv edir:

“Hələ birinci yağışlardan əvvəl - aprelin əvvəlində rayon ərazisində min hektar ərazidə səpin aparılmışdı. Bizim ərazidə - Sabirabadın Şirvan tərəfində 400 hektar əkilmişdi. Bu sahələrin hamısında əkin yenidən aparılacaq, çünki toxum məhv olmağa başlayıb. Bildiyiniz kimi, çiyid mala vurulmuş, narın torpağa səpilir. Güclü yağışlardan sonra belə torpaqda qalın qaysaq əmələ gəlir. Pambığın toxumu torpağın altında cücərsə də, zərif olduğu üçün həmin qaysağı yarıb üzə çıxa bilmir, torpağın altında yarpaqlayır və saralıb məhv olur. Hazırda aprelin əvvəlində səpilən ərazilərdə bu vəziyyətdir. Dünəndən başlayan yağışlardan əvvəl səpilən sahələrdə də eyni vəziyyətin yaranacağını gözləyirik. Mən 60 hektar sahədə səpin aparmışdım, yəqin ki, hamısını yenidən səpməli olacam”.

Qeyd edək ki, bu günlərdə Aqrar Sığorta Fondu pambıq əkinlərinin sığortasına başlandığını elan edib. Fondun məlumatına görə, 2025-ci ildə Azərbaycanda 2 064 hektar pambıq sahəsində baş vermiş sığorta hadisələri üzrə fermerlərə 958 min manat ödəniş verilib. Bu, yağıntıların güclü olduğu 2024-cü illə müqayisədə müvafiq olaraq təxminən 2 dəfə az və 8,9 faiz çoxdur.

Azərbaycanda pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Hazırda 20-yə yaxın rayonda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Tarlaların böyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi – 11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar, Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2 min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar, Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır. Hazırda ölkədə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur. Bu il qeydə alınan yağıntılar onlar üçün böyük itkilər yarada bilər. Belə ki, təbiət hadisələrinə qarşı həssas olan pambıq əkinləri müxtəlif səbəblərdən zərər görə bilər. Pambıq sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2 milyon manatdan artıq ödəniş edilib. Belə ki, 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə 4 min hektar əraziyə dəymiş zərərlər üzrə 880 min manat, 2025-ci ildə isə 2064 hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə fermerlərə 958 min manat sığorta ödənişi həyata keçirilib.

Fond bildirir ki, son aylar Azərbaycanda baş verən təbiət hadisələri, güclü yağışlar və sel-subasma digər sahələr kimi pambıq əkinləri üçün də böyük risk yaradır. Bu halların gətirdiyi zərərin qarşısını almaq üçün ən effektiv üsul pambıq sahələrini vaxtında sığorta etməkdir.
Pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.

Lakin Ə.Əsgərovun dediyinə görə, pambıq əkinləri adətən toxum səpiləndən sonra sığortalanır. Nəticədə yağışların toxuma vurduğu zərər qarşılanmır.

Bəs indiki yağışlardan sonra pambıq yenidən səpilsə məhsuldarlığa mənfi təsir edəcəkmi? Fermer deyir ki, əgər yağıntılar davam etməzsə, yenidən səpin aparılmaqla lazımi məhsuldarlıq əldə etmək mümkündür:

“Əgər yağışlar dayansa, yenidən səpin aparmaqla gözlədiyimiz məhsuldarlığı əldə edə biləcəyik. Bu zaman bizim xərclərimiz artır: torpağa yenidən mala vurulmalı, çiyid, səpində istifadə olunan gübrə alınmalıdır. Bunların hamısı irihəcmli xərclərdir və məhsulun maya dəyərini yüksəltməklə bizim gəlirimizi azaldacaq. Pambığı biz fiksə olunmuş qiymətə satırıq, ondan yüksəyə satmaq mümkün deyil. Buna görə də maya dəyərini artıran hər bir xərc bizim gəlirimizi azaldır”.

Qeyd edək ki,2025-ci ildə Azərbaycanda 100 min hektar sahədə pambıq əkilib, 355 min ton məhsul toplanıb. Lakin dünya bazarında pambıq qiymətlərinin enməsi emalçı şirkətlər üçün çətinliklər yaradıb. Onlar ötən ilin dekabrında baş nazir Əli Əsədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edərək dövlətdən dəstək istəyiblər. AQRO MMC, Aztəsərrüfat MMC, Aqro-Az MMC, Cotton Trade MMC, Kürdəmir Pambıq MMC, APEKS Agro MMC, Goran Cotton MMC rəhbərləri və Pambıq İstehsalçıları Assosiasiyasının sədrinin imzaladığı müraciətdə mahlıcın mövcud ixrac qiymətinin maya dəyərindən 150 dollar aşağı olduğu bildirilir: 1400 dollar maya dəyəri olan məhsul əsas bazar olan Türkiyəyə 1250 dollara ixrac edilir. Şirkətlər bu ixracdan yaranan fərqin dövlət tərəfindən onlara güzəştli kredit şəklində ayrılmasını xahiş edir, krediti pambığın dünya bazar qiyməti maya dəyərindən yüksək olan zaman qaytara biləcəklərini qeyd edirlər.

Fevralın sonlarında iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüş keçirilib. Rəsmi məlumata əsasən görüşdə pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlarda məşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yeni istehsal güclərinin qurulması, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcud infrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsi imkanları qeyd olunub. Pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar və onların həlli yolları müzakirə edilib. Bu görüşün şirkətlərin müraciəti ilə bağlı real addımlara gətirib-gətirmədiyi açıqlanmır. Lakin pambıqçı fermerlərdən aldığımız məlumata görə, iki şirkətin - Aztəsərrüfat MMC və P-Agro MMC-nin fermerlərə böyük məbləğdə borcu yaranıb. Fermerlər ötən ilki məhsulun dəyərini hələ də bu şirkətlərdən ala bilməyiblər.


Rəsmi statistikaya əsasən 2025-ci ildə Azərbaycandan 161 milyon 902,45 min dollar dəyərində 114 min 276,47 ton mahlıc ixrac edilib. 2024-cü illə müqayisədə bu, dəyər baxımından i 9,1 faiz, həcm baxımından isə 4,7 faiz azalma deməkdir. Ötən il 1 ton mahlıcın orta ixrac qiyməti şirkətlərin elan etdiyi maya dəyərindən yüksək - 1416,7 dollara bərabər olub. 2024-cü ildə göstəricinin 1489,6 dollar təşkil etdiyini nəzərə alsaq, 1 tonun ixrac qiymətinin 4,9 faiz azaldığını görmək olar.

Bu ilin yanvar-mart aylarında ölkədə 40,9 min tondan çox pambıq mahlıcı və 6,2 min tondan çox pambıq ipliyi istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2025-ci ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 16 faiz, pambıq ipliyinin istehsalı isə 74,7 faiz artıb.

Eyni dövrdə Azərbaycandan 57 milyon 530.05 min dollar dəyərində 42 524.93 ton pambıq mahlıcı ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çəki baxımından 52 faiz, dəyər baxımındna isə 43,6 faiz çoxdur. Ötən ilin eyni dövründə ixrac 40 milyon 74.13 min dollar dəyərlə 27 968.55 tona bərabər olmuşdu. Ötən il 1 ton mahlıc orta hesabla 1432,8 dollara, bu il isə 1352,8 dollara satılıb. Bu ilki ixrac qiyməti şirkətlərin elan etdikləri maya dəyərindən aşağı olaraq qalmaqdadır. Mövcud vəziyyət Azərbaycanda pambığın mahlıc-xammal formasında deyil, son məhsul olaraq ixracı sisteminin qurulmasının vacibliyini önə çəkir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Chosen
20
musavat.com

1Sources