EN

Növbəti beş ildə 21 peşə təhsili müəssisəsinin tikilməsi planlaşdırılır

Bakı, 21 aprel, AZƏRTAC

Peşə təhsilinin nüfuzunun bərpası istiqamətində ən vacib addımlardan biri dövlət səviyyəsində həyata keçirilən sistemli islahatlardır. Bu baxımdan, Prezident İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı xüsusi əhəmiyyət daşıyır. Sərəncama əsasən, peşə təhsili sisteminin potensialının artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və müasir infrastrukturun yaradılması üzrə geniş tədbirlər nəzərdə tutulur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Aytən Səfərəliyeva deyib. O bildirib ki, 2026-2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi və mövcud müəssisələrin əsaslı təmiri bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək: “Eyni zamanda, tədris proqramlarının yenilənməsi, yeni ixtisasların yaradılması və müasir avadanlıqla təchizat təhsilin keyfiyyətini artıracaq.

Bununla yanaşı, müəllim və ustaların peşəkarlığının artırılması, özəl sektorla əməkdaşlığın genişləndirilməsi və tələbələrin praktik bacarıqlar qazanması üçün imkanların artırılması da prioritetlərdəndir. Bu yanaşma məzunların əmək bazarına daha sürətli inteqrasiyasını təmin edir.

Nəticə etibarilə, həyata keçirilən bu kompleks tədbirlər peşə təhsilinin keyfiyyətini yüksəltməklə yanaşı, onun cəmiyyətdə nüfuzunun artmasına və daha cəlbedici təhsil yolu kimi formalaşmasına xidmət edir”.

Chosen
58
1
azertag.az

2Sources