EN

Dollara qarşı “savaşda fiasko: Rusiyanın gözlədiyi olmadı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Yaxın Şərqdəki müharibələr BRİCS təşkilatını çətin vəziyyətə salıb. Məsələ burasındadır ki, təşkilatın yeni üzvləri arasında İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də var. İranın son müharibədə ən çox raket və dron atdığı ölkə məhz BƏƏ olub. BRİCS ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin əleyhinə olsa da, Tehranın təşkilatın digər üzvü – Birləşmiş Ərəb Əmirliklərini bombalamasına dəstək verə bilməzdi. Odur ki, təşkilatın vahid açıqlamasının əvəzinə, BRİCS üzvləri ayrı-ayrılıqda müharibəylə bağlı bəyanatlar yayımlayıblar”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır:

“2026-cı ilin yanvar ayından BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatında sədrlik Hindistana keçib. Bu ilin sentyabr ayında Yeni Dehlidə təşkilatın sammiti keçiriləcək. Hindistanda baş tutacaq sammitdə əsas diqqət üzv ölkələr arasında ticarət və maliyyə məsələlərinin həllinə yönələcək. Üzv ölkələr milli valyutalar əsasında ticarəti təmin etməyə və dollardan asılılıqlarını azaltmağa çalışırlar. Bu məqsədlə rəqəmsal valyutalarla hesablaşmağın vacibliyi üzərində müzakirələr gedir. Üzv ölkələrin məqsədi SWIFT-ə alternativ hesablaşma sisteminin formalaşdırılmasıdır. Ancaq bu, asan başa gəlməyəcək.

ABŞ tarixən dolların statusunu yüksək və milli təhlükəsizliyinin, o cümlədən iqtisadi dominantlığın dayağı kimi görüb. ABŞ Prezidenti Donald Tramp ticarətdə dollardan imtina etməyə çalışan ölkələri sanksiyalarla hədələyib. BRİCS ölkələrinin əksəriyyəti ABŞ-la ticarət əlaqələrinin genişlənməsində maraqlıdırlar. Odur ki, həmin dövlətlərin dollardan tamamən imtinası çətindir.

Elxan Şahinoğlu

Bu arada, Rusiya ilə Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. İki ölkə arasındakı müqavilə bölgədə sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar. Müqavilənin Yaxın Şərqdə gərginliyin davam etdiyi vaxtda qüvvəyə minməsi sənədin strateji əhəmiyyətini artırıb.

Buna baxmayaraq, mövcud müqavilə Hindistanın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində Moskvaya dəstəyi anlamına gəlmir. Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı olaraq qalır. Rusiya bu ölkənin əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli Rusiyadan silah idxalını azaltmağa çalışır. HindistanABŞ və Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
globalinfo.az

1Sources