EN

"Metroda baş verən hadisə texniki nasazlıqdır və ümumiləşdirilməməlidir" - Elməddin Muradlı

Metroda baş verən texniki nasazlıq ictimai nəqliyyat sisteminin dayanıqlılığı və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı QHT.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr ayrı-ayrı texniki problemlər kimi qiymətləndirilməli, ümumiləşdirilməməlidir və sistemin bütövlükdə keyfiyyətinə kölgə salmamalıdır.

E.Muradlının sözlərinə görə, bu hadisə texniki nasazlıq kimi qiymətləndirilməlidir və ümumiləşdirilməməlidir: "Bu texniki bir xətadır və bundan heç kim sığortalanmayıb. Hər bir ölkədə belə xətalar baş verə bilər. Yəni bir xətaya görə metronu aşağı səviyyəli ictimai nəqliyyat növü adlandırmaq düzgün deyil. Metronu kiçiltmək və ya yararsız nəqliyyat sistemi kimi təqdim etmək olmaz".

Elməddin Muradlı bildirib ki, əsas məsələ hadisələrin düzgün təhlili və qarşısının alınmasıdır: "Hər bir hadisə düzgün dəyərləndirilməli, səbəbləri araşdırılmalı və aradan qaldırılmalıdır. Ən vacibi isə belə halların ümumiyyətlə baş verməsinin qarşısını əvvəlcədən almaqdır. Təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmaq lazımdır ki, bu kimi hadisələr təkrarlanmasın".

Ekspert vurğulayıb ki, belə hallarda operativlik və hazırlıq səviyyəsi mühüm rol oynayır: "Belə hadisələr baş verə bilər və xətalar qaçılmazdır. Şükür ki, ciddi faciə yaşanmadı, ölüm halı olmadı. Məlumata görə, təxminən iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Buna baxmayaraq, bu kimi hallara qarşı daha hazırlıqlı olmaq və daha operativ müdaxilə etmək mümkündür".

Onun sözlərinə görə, problemin aradan qaldırılması vaxtı qənaətbəxş olsa da, daha sürətli reaksiya mümkündür: "Metronun açıqlamasına əsasən, problem təxminən iki saat yarım ərzində aradan qaldırılıb. Lakin daha sürətli reaksiya vermək olardı. Bu hadisə gələcək üçün bir siqnal kimi qəbul edilməlidir ki, oxşar problemlərin qarşısı vaxtında alınsın".

Ekspert qeyd edib ki, alternativ nəqliyyat növlərinin inkişafı vacib istiqamətlərdəndir: "Alternativ ictimai nəqliyyat məsələsinə gəldikdə isə, metro artıq əsas nəqliyyat növlərindən biridir. Bununla yanaşı, dəmiryolu xətləri, yerüstü stansiyalar və tramvaylar da alternativ kimi inkişaf etdirilə bilər. Bakıda dəmiryolu sistemi mövcuddur və genişləndirilir. Eyni zamanda, yeni dövlət proqramına əsasən tramvayların da fəaliyyəti təmin olunacaq".

Elməddin Muradlı əlavə edib ki, metro şəbəkəsinin genişləndirilməsi strateji əhəmiyyət daşıyır: "Metro şəbəkəsi də inkişaf edir və genişlənir. Gələcəkdə stansiyaların sayının təxminən iki dəfə artırılması planlaşdırılır. Bu baxımdan, bu cür layihələri dəstəkləmək vacibdir".

Piranə Xasiyeva

Chosen
130
qht.az

1Sources