EN

İslamabad diplomatiyası iflasa uğrayır: ABŞ və İran niyə razılığa gələ bilmir?

"ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davamına işarədir. İranın ABŞ-la əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib. İslamabadda iki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi".

Sitat.info xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli deyildi: "Bunun səbəbi ABŞ-ın “Hörmüz boğazının” mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi budur ki, ABŞ mühasirəni sona çatdırdıqdan sonra İran tankerlərin “Hörmüz boğazının” istifadəsinə açacaq. Vaşinqton addım atmadığına görə, Tehran İslamabad görüşündən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, “Hörmüz boğazı” ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür. Tehran buna razı deyil".

E.Şahinoğlunun sözlərinə görə, Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonun məsuliyyət daşığıdı qənaətindədirlər: "Çünki İslamabadda hesab edirlər ki, danışıqların baş tutmaması ABŞ-ın “Hörmüz blokadası”nın davam etdirilməsiylə bağlıdır. Bu məsələ ilə bağlı Donald Trampın mövqeyində hələ ki, dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə, atəşkəsi uzatdığını bildirib.

Pakistan rəsmiləri İranın İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıb. Pakistanın informasiya naziri bildirib ki, ölkəsi vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır. Nazirin sözlərinə görə, İranın qısa müddətdə qərar verməsi olduqca vacibdir. O əlavə edib ki, Tehran rəsmilərini danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.

Beləliklə, Pakistan hökuməti səylərini artırıb. Məqsəd İslamabad görüşündən müsbət nəticənin əldə olunmasıdır. Çünki, görüş və müzakirələr olmasa, bu, bölgədə gərginliyi və yeni müharibə riskini artıracaq. Körfəz ölkələri təşviş içindədirlər. Çünki, yenidən müharibə başlayarsa, İranın raket və dronları yenidən Körfəz ölkələrini hədəf alacaq. Buna İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin açıqlaması da sübut edir. O İranın cənub qonşularını bu sözlərlə hədələyib: “Əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər”.

Aytac,

Sitat.info

Chosen
62
5
sitat.info

6Sources