Onun sözlərinə görə, xarici təcrübəyə baxanda bilinir ki, onlar auditoriyanı mərkəzə qoyur, bizdə isə tam fərqlidir: “Maarifləndirici proqramlar çox vaxt nəzəri xarakter daşıyır və gündəlik həyatla əlaqələndirilmir. Nəticədə izləyici 'bu mənə nə verdi?' sualına cavab tapa bilmir. Xarici təcrübəyə baxdıqda isə fərq açıq görünür. Məsələn, BBC kimi qurumlar elmi informasiyanı hekayəyə çevirir, multidissiplinar komandalarla işləyir – alimlər, ssenaristlər və rejissorlar birlikdə fəaliyyət göstərir. Bizdə isə bu əməkdaşlıq zəifdir, texnoloji və vizual imkanlardan istifadə hələ də inkişaf mərhələsindədir.
Ən vacibi isə odur ki, onlar auditoriyanı mərkəzə qoyur. Müxtəlif ölkələrin təhsil modellərinə baxdıqda, Finlandiyada daha stresssiz və düşüncə yönümlü yanaşma, Sinqapurda planlı və nəticəyönümlü sistem, Almaniyada isə peşə təhsili və praktiki bacarıqların inteqrasiyası ön plana çıxır. Lakin hər hansı modeli olduğu kimi tətbiq etmək düzgün deyil. Əsas məsələ bu modelləri yerli cəmiyyətə uyğun şəkildə adaptasiya etməkdir.
Hesab edirəm ki, elmi-kütləvi və maarifləndirici proqramların hazırlanmasında peşəkar kontent istehsalçıları ilə alimlər birgə işləməlidir. Proqramlar ölçülə bilən nəticələrə əsasən qiymətləndirilməlidir. Təhsil yalnız məktəblə məhdudlaşmamalı, media və ictimai platformalarla birlikdə düşünülməlidir”. Təhsil eksperti Elmin Nurizadə mövzu ilə bağlı verdiyi açıqlamasında xarici təcrübənin kor-koranə tətbiqinin səmərə vermədiyini bildirib. Onun sözlərinə görə, hər bir ölkənin təhsil sistemi həmin cəmiyyətin xüsusiyyətlərinə uyğun formalaşır və bu səbəbdən başqa modellərin olduğu kimi tətbiqi düzgün yanaşma deyil: "Biz, ümumiyyətlə, hansısa ölkənin təhsil sistemini tam şəkildə mənimsəmək fikrindən uzaq olmalıyıq. Təhsilin istənilən sahəsində, istənilən pillə və səviyyəsində hər hansı bir ölkənin təcrübəsinin olduğu kimi tətbiqi düşünürəm ki, ciddi effekt verməyəcək və ya çox zəif nəticə göstərəcək. Bunun bariz nümunələrini də artıq görmüşük.
Məsələn, orta təhsil sahəsində Sinqapur modelini tətbiq etməyə çalışdıq, peşə təhsilində isə Koreya və Almaniya modellərinə yönəldik. Lakin bu cəhdlər gözlənilən nəticəni vermədi. Səbəb isə ondan ibarətdir ki, hər bir cəmiyyətin tədris proqramı və təhsil sistemi özünəməxsus şəkildə formalaşır. Bəli, biz bu gün Sinqapur və ya Finlandiya təhsil sistemindən bizə uyğun olan müəyyən elementləri, modulları seçib uyğunlaşdıraraq tətbiq edə bilərik. Bu, beynəlxalq təcrübədən düzgün yararlanmaq deməkdir. Lakin başqa bir cəmiyyət üçün hazırlanmış təhsil sistemini olduğu kimi götürüb tətbiq etmək absurddur”.
Biz nə vaxta qədər müxtəlif ölkələrin – Sinqapurun, Finlandiyanın, Estoniyanın, Yaponiyanın və digər ölkələrin təhsil modellərindən danışacağıq? Artıq bizim öz milli təhsil brendimiz, böyük hədəflərə yönəlmiş sistemimiz olmalıdır. Bu sistem isə inkişaf etmək üçün digər ölkələrin təcrübələrindən modul və ya element kimi faydalana bilər.
Yəni burada əsas məsələ fərqli yanaşmaları düzgün ayırmaq və onları uyğun şəkildə tətbiq etməkdir”.