EN

Yaşlılarda uzun gündüz yuxusu ölüm riskini artıra bilər - ARAŞDIRMA

Yaşlı insanlarda uzun müddətli gündüz yuxusunun gizli xəstəliklərin əlaməti ola biləcəyi və ölüm riskinin artması ilə əlaqəli olduğu müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rush University və Mass General Brigham alimlərinin apardığı araşdırmada bildirilir. Tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.

Araşdırmaya 1338 yaşlı könüllü cəlb edilib. Alimlər təxminən 19 il ərzində iştirakçıların yuxu rejimini və sağlamlıq vəziyyətini izləyiblər. Məlumatlar Rush Alzheimer’s Disease Center tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində toplanıb.

2005-ci ildən etibarən iştirakçılar fiziki aktivlik və istirahət dövrlərini ölçən xüsusi akselerometrlərdən istifadə ediblər. Bu cihazlar gündüz yuxusunun müddəti və tezliyini dəqiq müəyyən etməyə imkan verib.

Nəticələr göstərib ki, gündüz yuxusunun müddətinin artması ölüm riskinin yüksəlməsi ilə əlaqəlidir. Belə ki, gündüz hər əlavə bir saatlıq yuxu ölüm ehtimalını təxminən 13 faiz artırıb. Hər əlavə yuxu fasiləsi isə riski 7 faiz yüksəldib.

Xüsusilə səhər saatlarında mütəmadi yatan şəxslərdə riskin təxminən 30 faiz daha yüksək olduğu qeyd olunub.

Tədqiqat müəllifləri vurğulayıblar ki, gündüz yuxusu özlüyündə zərərli deyil. Lakin onun müddəti və tezliyi sağlamlıq vəziyyətinin vacib göstəricisi ola bilər. Onların fikrincə, bu dəyişikliklərin izlənməsi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.

NURİYYƏ

Chosen
57
1
redaktor.az

1Sources