EN

Xəzərin səviyyəsinin davamlı azalması narahatedici tendensiyadır - Azay Quliyev

Aprelin 22-də Astana şəhərində keçirilən Regional Ekoloji Sammit çərçivəsində “İqlim fəaliyyətində parlament diplomatiyası: Mərkəzi Asiya perspektivi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub. Tədbir Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişaf və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Turkustan.az-ın məlumatına görə, tədbirdə Qazaxıstan Respublikası Senatının sədri Maulen Ashimbayev, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev, ATƏT-in iqtisadi və ekoloji fəaliyyət üzrə koordinatoru, səfir Bakyt Dzhusupov, ATƏT PA-nın Baş katibi Roberto Montella, BMT Baş katibinin müavini Haoliang Xu və digər rəsmi şəxslər çıxış ediblər.

Azay Quliyev çıxışında Qazaxıstan Respublikası Senatının sədri Maulen Aşimbayevə dəvətə və tədbirə ev sahibliyinə görə səmimi təşəkkürünü bildirib. O, iqlim dəyişiklikləri ilə birgə mübarizə yolları və onun dayanıqlı inkişaf, bağlantılar, ticarət, texnologiya, süni intellekt və təhlükəsizlik sahələrinə təsiri barədə fikir mübadiləsinin əhəmiyyətini qeyd edib.

Deputat bildirib ki, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri kimi son illər region parlamentləri ilə əməkdaşlıq təcrübəsi bir mühüm reallığı təsdiqləyib:

İqlim dəyişikliyi sektoral məsələ deyil, cəmiyyətlərin əsaslarını dəyişən, dövrümüzün əsas kəsişən çağırışıdır. Qlobal temperaturun artması, su qıtlığı və ekstremal hava hadisələri artıq iqtisadi sabitliyə, infrastruktura və regional bağlantılara təsir göstərir. Bu baxımdan Xəzər və Aral dənizlərinin səviyyəsinin davamlı azalmasınıciddi narahatedici tendensiyadır və bu istiqamətdə regional əməkdaşlığın gücləndirilməsi vacibdir.

İqlim dəyişiklikləri bağlantılıq anlayışına yanaşmanı dəyişir. Nəqliyyat dəhlizləri, enerji sistemləri və logistika şəbəkələri getdikcə daha çox ekoloji risklərə məruz qalır. Bu baxımdan bağlantılıq yalnız iqtisadi və geosiyasi proseslərə deyil, eyni zamanda iqlim dəyişikliyinə də davamlı olmalıdır. Mərkəzi Asiyanın və Cənubi Qafqazın Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi rolu artır. Bu kontekstdə Orta Dəhliz, o cümlədən Zəngəzur dəhlizi və onun TRİPP layihəsi parçalanmış qlobal mühitdə qitələri birləşdirən təhlükəsizlik kəməri kimi xüsusi əhəmiyyət kəsb edir.

ATƏT-in Xəzər dənizi regionunda həyata keçirdiyi “Yaşıl limanlar və bağlantılılığın təşviqi” layihəsi dayanıqlı və davamlı əlaqələrin inkişafına töhfə verir. Bu cür təşəbbüslərin effektivliyi iqlim dəyişikliklərinə uyğunlaşma səviyyəsindən asılı olacaq və iqlim amilləri infrastruktur planlaşdırılmasına sistemli şəkildə daxil edilməlidir.

ATƏT PA-nın komitə sədri Azay Quliyev vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt iqtisadiyyatların inkişafı üçün yeni imkanlar açsa da, artan enerji tələbatı ilə bağlı əlavə ekoloji çağırışlar yaradır. Bu səbəbdən texnoloji inkişafın dayanıqlı enerji siyasəti ilə uzlaşdırılması vacibdir:

"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə 2024-cü il Strateji Tərəfdaşlıq Sazişi texnoloji inkişafın dayanıqlı enerji həlləri ilə uzlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır. ATƏT Parlament Assambleyasının bu sahədə roluna da toxunmaq lazımdır. Qurum iqlim dəyişiklikləri, iqtisadi dayanıqlıq, təhlükəsizlik və texnologiya arasında qarşılıqlı əlaqələrin müzakirəsi üçün mühüm platformadır. Bu məsələlər cari ilin iyul ayında Haaqada keçiriləcək komitənin illik sessiyasında da əsas prioritetlərdən biri olacaq və parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək".

Qeyd edək ki, tədbir müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Chosen
37
4
turkustan.az

5Sources