EN

"Müharibə olarsa, bu, İrana ağır dərs olacaq" -Politoloq

"İran və ABŞ tərəfləri arasında Pakistanda nəzərdə tutulan görüş təxirə salınıb. Çünki İran həmin görüşə getməkdən imtina edib. Səbəb İran xarici işlər naziri Abbas Əraqçinin Amerikanın Hörmüz boğazının blokadasını saxladıqca danışıqlara getməyəcəklərini bildirməsidir. İranın ilk şərti Hörmüz boğazı blokadasının açılmasıdır. Amerika isə bildirir ki, əgər biz blokadanı açsaq, danışıqlar ümumiyyətlə baş tutmaz".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ-İran danışıqlarının baş tutmama səbəblərindən danışarkən bildirdi.

"ABŞ Prezidenti Donald Tramp son bəyanatında bildirib ki, Pakistan ordusunun komandanı Asim Munirin və Baş nazir Şahbaz Şərifin xahişi ilə hələlik atəşkəsi davam etdirir. SEPAH isə bildirir ki, biz Amerikanın və İsrailin elə nöqtələrini vuracağıq ki, onlar bir daha özlərinə gəlməyəcək. Yəni belə bir ritorikada sülh danışıqlarından danışmaq yersizdir və danışıqlar alınmır".

Siyasi şərhçinin sözlərinə görə, bu günlərdə mütləq İranın Ali Rəhbəri Müctəba Xameneinin verdiyi tövsiyə ilə danışıqlara başlanılmalıdır:

"Bildiyimiz kimi, ABŞ Yaxın Şərqə çox böyük qüvvələr yığıb və müharibə olarsa, bu, İrana ağır dərs olacaq və eyni zamanda İranı sarsıda bilər. ABŞ Prezidenti bildirir ki, artıq İranda hərbçilərin və polisin maaşı verilmir və bu da ciddi narazılıq yaradır. Çünki İrana neft satışından gəlirlər dayandırılıb, iqtisadi problemlər yaranır, ərzaq çatışmazlığı məsələləri var. Bu da təbii ki, çox ciddi gərginliklər yaradır. Ona görə də hesab edirəm ki, mütləq bu həftə ərzində görüş baş tutmalı, danışıqlar olmalı və tərəflər bir-birinə kompromisə getməlidir. Əgər bunlar olmasa, müharibə qaçılmazdır və müharibə də fəlakətdir".

Aytəkin TOFİQQIZI

Chosen
65
redaktor.az

1Sources