EN

“Bu il hakimlər üçün sanki kabusdur” – Qurban Qurbanov

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Sabah”ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram.

– Penalti epizoduna fikrinizi bilmək istəyirdim. Penalti necə olur?

– Bu barədə fikir bildirməyim, fərqli qarşılana bilər. Topun ələ dəydiyi görünürdü. Amma Rəhim Həsənov yəqin ki, bununla bağlı açıqlama verəcək. Son saniyələrdə belə epizodun yaşanması gərginliyi daha da artırır. Bəzən bu cür fikirlər səsləndirəndə, deyirlər ki, rəqibin qələbəsinə kölgə salınır. Xeyr, “Sabah” finala layiq idi. Hesab 2:2 olsaydı belə, yenə də 10 nəfərlə oynayacaqdıq və əlavə gücə ehtiyac var idi. Həmin epizodu penalti kimi gördüm. Olan şeylərdir.

– Son oyunlarınızda VAR-a da baxılmır. Sizcə, niyə belədir?

– Baxılsa… nə bilim. Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm, hakimlik məndən uzaq sahədir. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır.

– Oyundan sonra yaşananlar illər əvvəlki “Neftçi” – “Xəzər Lənkəran” finalını xatırlatdı. Sizcə, bu gün baş verənlərlə irəli gedirik, yoxsa geri?

– Futbolçularla hakimlər arasında gərginlik oldu.

– Paltardəyişmə otağının qarşısında dava-dalaş idi…

– Görmədim. Bəzən bu cür emosiyalar futbolu daha da gözəlləşdirir. Belə anlar nadir hallarda yaşanır. Hətta Çempionlar Liqasının finalında da buna bənzər məqamlarla qarşılaşırıq.

– “Zirə” – “Neftçi”, “Turan Tovuz” – “Zirə” qarşılaşmalarında da oyundan çox kənar məsələlər müzakirə olunur. “Qarabağ”ın baş məşqçisi kimi yox, bir azarkeş kimi ölkə futbolunda baş verənlər sizi narahat edirmi?

– Hadisələr hakim qərarlarından sonra baş verənlərdir. Hakimlər üzərində o qədər təzyiq olur ki, bəzən özlərini necə idarə edəcəklərini bilmirlər. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Açığı, bəzən onlara yazığım gəlir, səhv qərar vermək qorxusu ilə həyəcanları yüksək olur.

Məncə, ili sakit şəkildə başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsümdə daha diqqətli olarlar. Hamısı bizimkilərdir, azərbaycanlıdılar. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə, üzərlərindəki təzyiq bəzən onları səhvlərə vadar edir.

– Demək olar, mövsümü titulsuz başa vuracaqsınız. Toparlanmaq çətin olmayacaq?

– Dünya futbolunda da belə hallar gözləniləndir. 2021-ci ildə də titulsuz qalmışdıq. Çempionlar Liqası bizi xeyli yordu, necə deyərlər, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxanda da eyni mənzərəni görürük. Məsələn, “Liverpul” bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün eniş dövrünü yaşayır.

Çempionlar Liqası elə turnirdir ki, bir addım irəli gedəndə yorğunluq daha da artır. Dünya futbolunda bunun çox nümunəsi var. Düzdür, ola bilsin, Premyer Liqaya tam köklənə bilmədik. Aleks Ferqyusonun da dediyi kimi, komandanın zirvədə qalma müddəti 3-4 il olur. Şükür ki, biz bu səviyyəni daha uzun müddətə qoruyub saxladıq.

Ciddi narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan məqamları yaxşı bilirəm. Ola bilsin, gələn il də çətinliklər yaşayaq – bunlar normaldır. Bu isə o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa da getdikcə artır.

Qarşıdakı mövsümlər daha maraqlı olacaq və buna yalnız sevinirəm. Digər komandaların artırması ilə intriqa da böyüyür. Ölkə futbolu bir komanda üzərində inkişaf edə bilməz-bunu normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma buna ehtiyac yoxdur. Onlar həm qalibiyyətdə, həm də çətin anlarda yanımızda olublar. Belə oyunlar isə ailəni daha da möhkəmləndirir.

– “Nyukasl”la oyunda 90 dəqiqəni yaxşı keçirən Bədavi Hüseynov həmin matçdan sonra demək olar, oynamadı. Bunun xüsusi səbəbi var?

– Bədavi təcrübəli oyunçumuzdur. Mateus Silvanı istəyirəm ki, daha da bərk stoper edim. O mövqedə təcrübəsinin artmasını istədiyim üçün şans verirəm. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. İndi oynamamasının səbəbləri özümüzdə qalsın.

– Azərbaycan futbolunda istədiyiniz temp bugünkü idi?

– Bugünkü oyunun tempini yaxşı edən həm də, hakim Rəvan Həmzəzadə idi. Onun idarəçilik etdiyi oyunlarda oyun az dayanır. Hər epizoda fit çalmır. Oyunu sona kimi davam etdirməyi sevən biridir. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu.

– Koxalskinin mövsümün sonunda klubdan ayrılmaq ehtimalı nə qədərdir?

– Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin, danışığımız olacaq.

– Qırmızı vərəqə epizodu ilə bağlı nə düşünürsünüz?

– Epizoda baxdım. Yəqin, məni hamı səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu “qırmızı” sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır. Yekunda hamının fikri ölkə futbolunun faydası üçün olsun.

– Sizcə, həqiqətən, hakimlərimizin potensialı bu qədər səhvləri edəcək qədər aşağıdadır?

– Potensiallı hakimlərimiz var. Üzülürəm ki, onlar belə texniki səhvlər edirlər. Bu il hakimlər üçün sanki kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər”.

Chosen
54
50
idmanxeber.az

10Sources