EN

“Express Bank” bağlana bilərmi? Ekspertdən kritik xəbərdarlıq

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Express Bank” bu ilin I rübü üzrə açıqladığı hesabatda ümumi göstəricilərin ilk baxışda stabil göründüyünü, lakin detallı təhlildə bəzi risklərin ortaya çıxdığını göstərib. Depozit portfeli 311.4 milyon manatdan 307.9 milyon manata enib, xüsusilə hüquqi şəxslərin depozitlərində təxminən 30%-lik azalma qeydə alınıb. Eyni zamanda depozitlər azalsa da, onlar üzrə faiz xərclərinin artması bankın maliyyə yükünün yüksəldiyini göstərir. Kredit portfelində də azalma və 5.82% səviyyəsində qeyri-standart kreditlərin mövcudluğu risklərin davam etdiyini ortaya qoyur.Bu tendensiyalar bankın orta və uzunmüddətli maliyyə dayanıqlığı üçün hansı riskləri yarada bilər? Bank bağlana bilərmi?

Akif Nəsirli

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, göstərilən tendensiyalar ayrı-ayrılıqda izah oluna bilsə də, bir yerdə toplandıqda ciddi siqnal verir. Hüquqi şəxslərin depozitlərindəki 30%-lik azalma ən narahatedici göstəricidir. Korporativ müştərilər adətən bankın maliyyə vəziyyətini fiziki şəxslərdən daha tez oxuyur və ilk çıxanlar onlar olur. Bu, ya bankın korporativ xidmət keyfiyyətinin zəiflədiyini, ya da həmin müştərilərin bankın gələcəyinə inamını itirdiyini göstərə bilər. İqtisadçı qeyd edib ki, depozitlər azalarkən faiz xərclərinin artması isə paradoksal, lakin məntiqli bir vəziyyətdir. Bank müştəriləri saxlamaq üçün daha yüksək faiz təklif etməli olur. Bu o deməkdir ki, resurs cəlb etmək getdikcə bahalaşır, marja (bank mənfəəti) isə sıxılır. “Kredit portfelinin azalması ilə birlikdə 5,82% qeyri-standart kredit göstəricisi o deməkdir ki, həm aktivlər azalır, həm də mövcud aktivlərin keyfiyyəti əlverişli deyil. Bu iki amil eyni vaxtda baş verəndə bankın gəlir generasiya etmək qabiliyyəti zəifləyir. Bank bağlana bilərmi sualına gəlincə, bu mərhələdə bağlanma ehtimalı yüksək deyil, lakin sıfır da deyil. Azərbaycanda Mərkəzi Bank bu tip tendensiyaları izləyir və müdaxilə mexanizmləri mövcuddur. Bankın bağlanması üçün adətən likvidlik böhranı, yəni öhdəliklərini yerinə yetirə bilməməsi baş verməlidir. Hazırkı göstəricilər hələ o həddə çatmayıb”, – deyə iqtisadçı bildirib. Onun fikrincə, əsas risk odur ki, bu tendensiyalar davam edərsə, inam problemi özlüyündən böhrana çevrilə bilər. Ekspert hesab edir ki, banklar üçün ən təhlükəli ssenari "texniki göstəricilərdən deyil, müştəri psixologiyasından başlayır" .

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
96
bizimyol.info

1Sources