Ötən bazar (19.04.2026-cı il) ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməkliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının həyətinə çatdırılıb. Saat 19:50 radələrində hadisədən xəbər tutan həkim heyəti dərhal xəstəxananın həyətindəcə ilkin tibbi müdaxiləyə başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, təcili olaraq kardiopulmonar reanimasiya (CPR) – ürəyin qapalı masajı həyata keçirilib və vətəndaş həyata qaytarılıb. Daha sonra o, xəstəxananın qəbul şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlərin icrasına başlanılıb.
Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı və ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı vaxtında göstərilən uğurlu tibbi müdaxilə nəticəsində xilas edilib.
Həkimlərin vətəndaşın həyatını xilas edərkən göstərdiyi mübarizə xəstəxanada müalicə alan pasiyentlərdən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, şəxsin yaxınları tərəfindən xəstəxanaya müraciət olunmayıb.