Bəzi hallarda paytaxtın köçürülməsi ilə əlaqədar fikirlər, təkliflər səsləndirilir, lakin bu, rasional hesab edilmir.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Regional məsələlər komitəsi tərəfindən keçirilən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda konfransda deyib.
Komitə sədrinin fikrincə, paytaxtı dəyişmək əvəzinə, regionların inkişafı üçün mühüm addımlar atılmalıdır.
"Düzdür, hazırda regionlarda iqtisadi inkişaf ləng gedir. Amma bununla bağlı geniş sənəd hazırlanır. Əminəm ki, bu sənəd iqtisadi inkişafa böyük töhfə verəcək", - o vurğulayıb.
A.Əmiraslanov xatırladıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" regionların inkişafını tamamlayan ciddi sənəddir:
"Bununla bərabər, hazırda Naxçıvanda regional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf etdirilir. Ölkə ərazisində iqtisadi rayonlaşma sahəsində yeniliklər var. İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bütün bunlar regionların inkişafı tədbirlərinin kompleks aparılmasına imkan verir".