EN

Məktəblilər niyə cinayətə meyillənir? – Risk siqnalları və çıxış yolları

Son dövrlərdə həm Bakı, həm də Türkiyə kimi region ölkələrində məktəb yaşlı uşaqların cinayət törətməsi, zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bakıda 5-ci sinif şagirdinin sinif yoldaşlarını hədələməsi  mövzunun aktuallığını daha da artırıb. 

Azyaşlıların aqressiv davranışları, hətta bəzi hallarda təhlükəli həddə çatan hərəkətləri bir sualı aktuallaşdırır: uşaqlar niyə bu cür davranışlara meyil göstərir?

Mövzu ilə bağlı Musavat.com-un suallarını cavablayan psixoloq Nərgiz Əliyeva qeyd edir ki, bu, tək bir səbəblə izah olunacaq məsələ deyil. Ailə mühiti, məktəbdəki psixoloji iqlim, sosial təsirlər və rəqəmsal dünyada qarşılaşılan məzmun – bütün bu amillər uşağın davranışına birbaşa təsir göstərir.


– Son vaxtlar həm Bakı, həm də Türkiyə kimi ölkələrdə məktəb yaşlı uşaqlarla bağlı narahatedici hadisələr baş verir. Azyaşlılar niyə cinayətə meyillənir?

– Bu məsələni tək bir səbəblə izah etmək mümkün deyil. Adətən bir neçə faktorun üst-üstə düşməsi nəticəsində bu cür davranışlar formalaşır. Buraya ailədaxili münasibətlərdə gərginlik, uşağa qarşı emosional laqeydlik, zorakılığın modelləşdirilməsi – yəni uşağın bunu həm ailədə, həm də mediada görməsi daxildir. Eyni zamanda, rəqəmsal mühitdə nəzarətsiz kontentə çıxış və məktəbdə sosial adaptasiya problemləri də mühüm rol oynayır.

Əslində uşaq davranışı çox vaxt daxili gərginliyin, narahatlığın və ya ödənilməmiş emosional ehtiyacların siqnalıdır. Əgər uşaq özünü təhlükədə hiss edirsə, qorxu yaşayırsa və ya dəyərsiz olduğunu düşünürsə, bu hissləri sözlə ifadə edə bilmədiyi üçün bəzən aqressiya ilə göstərir.


WhatsAppBəs bu problemin çıxış yolu nədir?

– Çıxış yolu yalnız cəza tədbirlərində deyil, daha çox kompleks və sistemli yanaşmadadır. Burada üç əsas mühit – ailə, məktəb və cəmiyyət birlikdə rol oynamalıdır. Birincisi, ailədə emosional əlaqənin gücləndirilməsi vacibdir. Uşaq özünü eşidilmiş və qəbul olunmuş hiss etməlidir.
İkincisi, məktəblərdə psixoloji xidmətlər daha aktiv və əlçatan olmalıdır. Psixoloqlar yalnız problem yarananda deyil, profilaktik olaraq da işləməlidirlər.
Üçüncüsü isə uşaqlara emosiyalarını tanımağı və idarə etməyi öyrədən proqramların tətbiqi çox önəmlidir. Bu bacarıqlar gələcəkdə aqressiyanın qarşısını almaqda əsas rol oynayır.


– Bu yaşda hansı “təhlükəli siqnallar” valideynləri və müəllimləri narahat etməlidir?

– Bir neçə əsas siqnal var ki, bunlara diqqət etmək lazımdır. Məsələn, davamlı aqressiv davranış və zorakılığa meyl, empatiyanın zəif olması və başqalarının hisslərinə qarşı laqeydlik, ölüm və zorakılıq mövzularına həddindən artıq maraq bu siqnallardandır.

Bundan əlavə, sosial təcrid, yəni uşağın özünü cəmiyyətdən uzaqlaşdırması, dostlardan qaçması və ya əksinə, davranışında kəskin dəyişikliklərin olması da diqqət tələb edir. Ən vacib məqamlardan biri isə qəzəbi idarə edə bilməməkdir.

Bu siqnallar vaxtında fərq edilərsə və düzgün müdaxilə olunarsa, daha ciddi problemlərin qarşısını almaq mümkündür.


– Hansı davranışlar artıq riskli sayılır və mütləq müdaxilə tələb edir?

– Əgər uşaq başqalarına zərər verməklə bağlı açıq ifadələr işlədirsə, real təhdidlər səsləndirirsə, bu artıq ciddi xəbərdarlıq siqnalıdır. Həmçinin heyvanlara və ya yaşıdlarına qarşı fiziki zorakılıq göstərmək də riskli davranış sayılır.

Bundan başqa, silah və ya zorakılıq vasitələrinə həddindən artıq maraq, aqressiv davranışların planlaşdırılması və ya bunu həyata keçirməyə cəhd etməsi mütləq şəkildə peşəkar psixoloji müdaxilə tələb edir. Bu mərhələdə gecikmək vəziyyəti daha da ağırlaşdıra bilər.


– Valideynlər uşağın aqressiyasını necə düzgün yönləndirə bilər?

– Burada əsas məqsəd aqressiyanı tam “söndürmək” deyil, onu sağlam və təhlükəsiz şəkildə ifadə etməyi uşağa öyrətməkdir. Çünki aqressiya da digər emosiyalar kimi normaldır, sadəcə onun ifadə forması önəmlidir.

Valideynlər uşağa emosiyalarını adlandırmağı öyrətməlidir. Məsələn, “sən əsəbləşmisən, çünki…” kimi ifadələr uşağın öz hisslərini anlamağına kömək edir.
Eyni zamanda fiziki aktivlik – idman, oyun, açıq hava fəaliyyətləri – uşağın daxili gərginliyini azaltmaq üçün çox effektivdir.

Sərhədlərin aydın və ardıcıl qoyulması da vacibdir. Uşaq bilməlidir ki, hansı davranışlar qəbulediləndir, hansılar yox.
Ən önəmlisi isə valideynin öz davranışı ilə nümunə olmasıdır. Uşaq gördüyünü təkrarlayır, deyiləni yox.


– Cəza ilə tərbiyə arasında balans necə qurulmalıdır?

– Cəza qısa müddətdə davranışı dayandıra bilər, amma uzunmüddətli dəyişiklik yaratmır. Əksinə, qorxu və uzaqlaşma yarada bilər. Tərbiyə isə uşağa məsuliyyət hissini və davranışlarının nəticəsini anlamağı öyrədir.

Balans yaratmaq üçün valideynlər ilk növbədə baş verən davranışın nəticəsini izah etməlidir: nə baş verdi və bu niyə düzgün deyil. Daha sonra alternativ, düzgün davranışı göstərmək lazımdır ki, uşaq gələcəkdə necə davranmalı olduğunu bilsin.

Fiziki və ya alçaldıcı cəzalardan tam imtina edilməlidir. Çünki bu, aqressiyanı azaltmır, əksinə gücləndirə bilər.

Uşaq ən çox cəzadan deyil, münasibətdən, anlaşılmaqdan və emosional bağdan öyrənir. Ona görə də valideyn-uşaq münasibətinin keyfiyyəti burada həlledici rol oynayır.

Könül İbrahim

Musavat.com 

Chosen
67
50
musavat.com

10Sources