Çində 52 yaşlı bədən tərbiyəsi müəllimi Bay Tszyan göstərdiyi qeyri-adi fədakarlıqla dünya mediasının gündəminə düşüb.
Publika.az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, ömrünü kimsəsiz uşaqlara həsr edən kişi artıq "Super ata" ləqəbi ilə tanınır.
Bildirilir ki, Bay Tszyanın bu yolu 1995-ci ildə, orta məktəbdə müəllim işləyərkən başlayıb. O, dərslərdən qaçan və digər şagirdlərin yeməyini oğurlayan bir uşağa diqqət yetirib. Uşağın valideynləri tərəfindən tərk edildiyini öyrənən müəllim onu öz himayəsinə götürüb.
Zamanla o, digər kimsəsiz və küçəyə atılmış uşaqları da evinə toplamağa başlayıb. Özü kasıb olan Bay, uşaqların xərclərini qarşılamaq üçün borca girib, əlavə işlərdə çalışıb. Ona bu işdə anası və bacısı kömək edib.
Bay Tszyan hesab edir ki, nizam-intizam və idman uşaqların gələcəyi üçün əsasdır. Onun evində hazırda 30-a yaxın uşaq yaşayır. "Super ata" hər sabah onları saat 04:30-da yuxudan oyadır və onlar hər gün 12 kilometr məsafə qaçırlar.