EN

“Ən sərt yoxlamalar belə problemi kökündən həll etməyəcək” - ETN yanında İctimai Şuranın katibi

"Məktəblərdə təhlükəsizlik məsələsi çox həssas və çoxşaxəli bir mövzudur. Son dövrlərdə həm Azərbaycanda baş verən hadisələr, həm də qonşu Türkiyədə məktəb mühitində yaşanan bəzi narahatedici hallar bir daha göstərdi ki, bu məsələyə yalnız nəzarət və yoxlama prizmasından yanaşmaq kifayət etmir. Təhlükəsizlik sadəcə fiziki nəzarət deyil, eyni zamanda psixoloji və sosial mühitin sağlam qurulmasıdır".

Bunu Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova məktəblərdə kütləvi yoxlamalara başlanılması ilə bağlı danışarkən bildirdi.

Onun fikrincə, kütləvi yoxlamalar müəyyən hallarda qısa müddətli profilaktik tədbir kimi effektiv ola bilər:

"Amma uzunmüddətli həll üçün daha sistemli və humanist yanaşmalara ehtiyac var. Dünya təcrübəsinə baxsaq görərik ki, inkişaf etmiş təhsil sistemlərində təhlükəsizlik “cəza və qorxu” üzərindən deyil, “etibar və anlayış” üzərindən qurulur. Ən vacib məsələlərdən biri məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsidir. Şagirdlər çox vaxt yaşadıqları daxili gərginliyi, qorxunu və ya aqressiyanı ifadə edə bilmədikləri üçün bu, davranışlara mənfi şəkildə yansıyır. Halbuki məktəbdə əlçatan və güvənilən psixoloq olduqda, bir çox riskli vəziyyətin qarşısı daha erkən mərhələdə alına bilər. Digər tərəfdən, müəllim-şagird münasibətləri də burada həlledici rol oynayır. Müəllim sadəcə dərs deyən deyil, həm də müşahidə edən, hiss edən və vaxtında reaksiya verən şəxs olmalıdır. Şagird özünü dəyərli və eşidilmiş hiss edəndə, riskli davranışlara meyil xeyli azalır".

Müsahibimiz qeyd etdi ki, valideyn faktoru isə bəlkə də ən kritik məqamdır:

"Bəzən biz məktəbdən çox şey gözləyirik, amma uşağın əsas davranış modeli ailədə formalaşır. Açıq ünsiyyət, nəzarət və eyni zamanda anlayışlı yanaşma burada çox vacibdir. Uşağı sadəcə “yoxlamaq” yox, onu “anlamaq” lazımdır. Texnoloji və təşkilati tədbirlər də əlbəttə ki, vacibdir: məktəbə giriş-çıxışın nəzarətdə saxlanılması, təhlükəsizlik kameraları, riskli əşyaların qarşısının alınması və s. Amma bunlar problemin yalnız görünən hissəsidir. Mənim yanaşmam belədir: əgər biz məktəbdə təhlükəsiz mühit yaratmaq istəyiriksə, ilk növbədə qorxu yox, güvən mühiti qurmalıyıq. Şagird məktəbi “cəza yeri” kimi yox, “dəstək məkanı” kimi görməlidir. Əks halda, ən sərt yoxlamalar belə problemi kökündən həll etməyəcək.
Qısaca desəm, təhlükəsizlik yalnız nəzarət məsələsi deyil, bu, münasibət, anlayış və düzgün qurulmuş mühit məsələsidir. Biz bu üç istiqaməti paralel inkişaf etdirməsək, istənilən tədbir yarımçıq qalacaq".

NURİYYƏ

Chosen
86
50
redaktor.az

10Sources