EN

BMU-da beynəlxalq elmi konfrans keçirilir - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans (23–25 aprel) öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi müasir kimya, materialşünaslıq, nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və digər və əlaqəli sahələr üzrə son elmi nailiyyətlərin müzakirəsini təşkil etmək, həmçinin alimlər və gənc tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirməkdir. Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Putra Malayziya Universiteti, Buxara Dövlət Universiteti, Pekin Kimya Texnologiyaları Universiteti (PKTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun tərəfdaşlığı ilə keçirilən konfransın açılışında ali təhsil müəssisələrinin rektorları, nüfuzlu yerli və xarici alimlər, eləcə də gənc tədqiqatçılar iştirak ediblər.

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək konfransı ölkələrarası elmi əməkdaşlığın möhkəmləndirilməsi və yeni elmi əlaqələrin qurulması baxımından mühüm platforma kimi dəyərləndirib. Bildirilib ki, müasir dövrdə Azərbaycan elmi və təhsilinin qarşısında duran əsas vəzifələrdən biri yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, elmi fəaliyyətin stimullaşdırılması və nəticələrin praktik tətbiqinin genişləndirilməsidir. Rektor qloballaşan dünyanın çağırışları fonunda yüksək biliyə əsaslanan cəmiyyətin formalaşdırılmasının elmin inkişafını zəruri etdiyini vurğulayıb. Qeyd olunub ki, alimlərin əməyinin layiqincə qiymətləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, müasir laboratoriya və texnoloji imkanların artırılması ölkədə elmi potensialın gücləndirilməsinə xidmət edən prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin gənclərin xaricdə təhsili və akademik potensialının artırılması ilə bağlı imzaladığı dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayan Yaqub Piriyev bu proqamların milli iqtisadiyyatın və cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiyini bildirib.

Nəzərə çatdırılıb ki, konfransa 17 xarici ölkədən, əsasən Özbəkistan, Türkiyə, Pakistan, Rusiya, Qazaxıstan, Moldova, ABŞ-dan məqalələr təqdim edilib. Ölkəmizdən isə BMU ilə yanaşı, Neft-Kimya Prosesləri İnstitutu, ADNSU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daha fəal olub. Ümumilikdə təqdim edilən 330 məqalədən 160-ı qəbul olunub.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Valentin Nenajdenko, ADNSU-nun rektoru Rüfət Əzizov, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, akademiklər Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Rusiya Xalqlar Dostluğu Universitetinin dekanı Leonid Voskressenski, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Sevil Yücel və PKTU-nun professoru Jiaxu Xu çıxış ediblər.  Çıxışlarda elm, təhsil və innovasiyanın qarşılıqlı əlaqəsinə toxunulub, müasir dövrdə kimya elminin sürətli inkişafı və bu sahənin qarşısında duran yeni çağırışlar diqqətə çatdırılıb. Bildirilib ki, alternativ enerji mənbələrinin inkişafı, ekoloji problemlərin həlli, yeni nəsil funksional materialların yaradılması və sənayenin rəqəmsallaşması kimya sahəsində daha innovativ yanaşmaların tətbiqini zəruri edir. Həmçinin qeyd olunub ki, Azərbaycanın zəngin neft-qaz potensialı ilə yanaşı, kimya sənayesinin genişləndirilməsi və daha müxtəlif məhsulların istehsalı üçün böyük imkanları var. Bu imkanların reallaşdırılması üçün elmi tədqiqatların gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, müasir elmi nailiyyətlər getdikcə daha çox ortaq tədqiqatlar, əməkdaşlıq və təcrübə mübadiləsi nəticəsində əldə olunur və bu baxımdan beynəlxalq konfranslar alimlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib platforma rolunu oynayır.

Plenar sessiyada REA-nın kimya institutları, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Türkiyənin Yıldız Texnik və Qəbzə universitetləri, Pakistanın Sardoqa Universiteti, Moldova Dövlət Universiteti professorlarının elmi məruzələri təqdim edilib.

Ardınca məruzəçilərə sertifikatlar təqdim olunub. İki gün davam edəcək konfrans öz işini bölmə iclasları ilə davam etdirir. 



 

Chosen
22
50
unikal.az

10Sources