EN

Ali Məhkəmədə MÜHÜM müzakirə: vətəndaşın dövlətə etimadını necə qorunmalı?

2026-cı il 12 iyun tarixində Azərbaycan Ali Məhkəməsinin Elmi-məsləhət şurasının növbəti iclası keçiriləcək. Musavat.com xəbər verir ki, Ali Məhkəmənin Elmi-məsləhət şurası iclasda ad-hoc üzv kimi iştirak etmək istəyən şəxslərə də müraciət edib.

İlk baxışdan bu, sıradan hüquqi tədbir kimi görünə bilər. Amma əslində müzakirəyə çıxarılan mövzu – “etimad hüququnun qorunması” hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir edən, çox ciddi və həssas məsələdir.

Etimad hüququ nədir və niyə vacibdir?

Sadə dillə desək, etimad hüququ o deməkdir ki, vətəndaş dövlətin qərarlarına, qanunlara və rəsmi qurumların davranışına güvənə bilməlidir. Yəni dövlət bu gün bir qayda tətbiq edib, sabah səbəbsiz dəyişməməlidir. Vətəndaş verilmiş qərara əsaslanaraq plan qurursa, sonradan zərərə düşməməlidir. Eyni vəziyyətdə olan insanlara fərqli yanaşma olmamalıdır.

Məsələn, bir vətəndaşa icazə verilibsə ki, müəyyən torpaq sahəsində tikinti aparsın, o, buna inanaraq pul xərcləyir. Sonra dövlət gəlib deyirsə ki, “yox, bu icazə səhv olub” – bu halda həmin şəxsin etimadı pozulur. Hüquq sistemi isə bu etimadı qorumağa borcludur.

 

Azərbaycan

İnzibati praktika nə deməkdir?

Müzakirənin əsas hissəsi də məhz bu anlayış ətrafında qurulub. İnzibati praktika – dövlət orqanlarının eyni tipli hallarda necə qərar verməsi, hansı yanaşmanı formalaşdırması deməkdir. Əgər bir dövlət qurumu illərlə eyni tip müraciətlərə eyni cavabı verirsə, bu artıq praktika sayılır. Vətəndaş da buna güvənərək davranır. Problem burasındadır ki, bu praktika qanun kimi yazılmır, çox vaxt qeyri-rəsmi formalaşır və birdən dəyişə bilir.

Belə olan halda vətəndaş kimə güvənməlidir?

Məhz bu iclasda ən kritik suallardan biri budur. Vətəndaş dövlət qurumunun əvvəlki davranışına güvənməlidir?, yoxsa yalnız qanunun mətninə? Bəs məhkəmələrin əvvəlki qərarları necə, onlar da etimad yaradırmı?

Hüquqşünaslar bu üç “etimad mənbəyini” fərqləndirməyə çalışırlar:

1. Qanunvericiliyə etimad

2. Məhkəmə təcrübəsinə etimad

3. İnzibati praktikaya etimad

Bu mənbələrin hər biri fərqli səviyyədə qorunur və bəzən bir-biri ilə ziddiyyət təşkil edə bilir.

Dövlət sözündən dönərsə nə baş verir?

Ən həssas məqam da budur. Əgər dövlət əvvəl verdiyi qərardan geri çəkilərsə, vətəndaşın zərəri necə qarşılanmalıdır? Müzakirələrdə bu suallar da var. Dövlətin səhv qərarı nəticəsində vətəndaş zərər görübsə, kompensasiya ödənilməlidirmi? Qanunsuz verilmiş, amma vətəndaşa sərf edən qərar sonradan ləğv edilə bilərmi? Əgər ləğv edilirsə, bu, hansı müddət ərzində mümkündür? Bu suallar təkcə hüquqi deyil, həm də ədalət və vicdan məsələsidir.

Praktika dəyişmirsə kim cavabdehdir?

Digər ciddi problem isə odur ki, bəzən məhkəmələr qərar verir ki, dövlət orqanı yanlış praktika tətbiq edir. Amma buna baxmayaraq həmin qurum öz davranışını dəyişmir. Bu halda dövlət orqanı məsuliyyət daşıyırmı? Məmurlar cəzalandırılmalıdırmı? Vətəndaş eyni problemə görə dəfələrlə məhkəməyə getməlidirmi? Bu suallar illərdir mübahisə mövzusudur.

Ən təhlükəli vəziyyət - qanunsuz praktika

Bəzən dövlət orqanları uzun müddət qanunsuz, amma sabit bir praktika tətbiq edir. Vətəndaşlar da buna inanaraq hərəkət edir. Sonra isə birdən deyilir ki, bu praktika qanunsuz idi. Belə vəziyyətdə əsas dilemma yaranır - vətəndaş cəzalandırılmalıdır? Yoxsa dövlət öz səhvinin məsuliyyətini daşımalıdır? Bu, hüququn ən çətin balans məsələlərindən biridir.

Ali Məhkəmədə keçiriləcək bu müzakirə texniki hüquq məsələsi kimi görünsə də, əslində, dövlət-vətəndaş münasibətlərinin təməlini müəyyən edir. Əgər vətəndaş dövlətə güvənmirsə, investisiya etmir, biznes qurmaqdan çəkinir. Ümumilkdə hüquqi sistemə inamı itir. Bu isə artıq hüquqdan çıxıb, ölkənin iqtisadi və sosial sabitliyinə təsir edən faktora çevrilir. İyunun 12-də keçiriləcək iclasdan gözlənti böyükdür. "Dövlətin sözünə nə dərəcədə inanmaq olar" sualına daha aydın cavab tapılmalıdır.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
91
musavat.com

1Sources