EN

AzMİU-da mühüm görüş keçirilib - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yaşanılabilən Bakı” qrant layihəsi çərçivəsində Universitetin tələbələri arasında təşkil ediləcək müsabiqə ilə bağlı geniştərkibli görüş keçirilib.

"Unikal" xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, şəhərsalma sahəsi üzrə mütəxəssislər, eləcə də universitet rəhbərliyi,  professor-müəllim heyəti və müsabiqəyə qoşulan tələbələr iştirak edib. Dünya Bankının ekspertləri onlayn formatda tədbirə qoşularaq çıxış ediblər.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universiteti rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dünya Bankı, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), “WUF13” Əməliyyat Şirkəti və Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun prorektoru Orxan Nağdiyev universitetin layihə çərçivəsində müsabiqənin təşkili ilə bağlı əməkdaşlıqdan məmnun olduqlarını bildirib. O qeyd edib ki, AzMİU-nun Memarlıq, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən formalaşdırılmış 6 komanda üzrə ümumilikdə 36 tələbə müsabiqədə iştirak edəcək. Prorektor vurğulayıb ki, tələbələrin innovativ ideyalarının reallaşdırılması və peşəkar inkişafı üçün universitetin müəllim heyəti mentor qismində onlara dəstək göstərəcək.

Daha sonra çıxış edən İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov “Yaşanılabilən Bakı” layihəsinin məqsəd və prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, layihə Bakı şəhərinin daha dayanıqlı, ekoloji cəhətdən sağlam, rahat və insan mərkəzli şəhər məkanı kimi inkişafına xidmət edir. Təşəbbüs çərçivəsində şəhər mühitinin yaxşılaşdırılması, su hövzələrinin bərpası, ictimai məkanların yenilənməsi, ekoloji dayanıqlılığın artırılması və müasir şəhər idarəetmə yanaşmalarının tətbiqi nəzərdə tutulur. Nazirin müşaviri müsabiqə haqqında məlumat verərək, müsabiqənin əsas məqsədinin cəmiyyətdə ekoloji layihələrin əhəmiyyətini vurğulamaq, tələbələrin yaradıcılıq potensialından istifadə etmək və onların layihəyə töhfə verməsi üçün əlverişli imkan yaratmaqdan ibarət olduğunu qeyd edib. Gənclərin baxışlarının layihəyə inteqrasiyasının həm ekoloji həllərin keyfiyyətinin artırılması, həm də gələcək mütəxəssislərin bu prosesə fəal cəlb olunmasında mühüm rol oynayacağı vurğulanıb.  Qeyd olunub ki, müsabiqənin təşkili təşəbbüsü Ümumdünya Şəhərsalma Forumu 13-ün dayanıqlı şəhərlər və hər kəs üçün yaşayış məkanları ideyalarına tam uyğun gəlir.

Onlayn formatda tədbirə qoşulan Dünya Bankının şəhər yerləri üzrə baş mütəxəssisi Aksel Baumler çıxışında qeyd edib ki, müasir şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə deyil, insan ehtiyaclarını nəzərə alan inteqrasiya olunmuş planlaşdırma ilə mümkündür. O, müsabiqə çərçivəsində seçilmiş ərazilərlə bağlı məlumat verərək, ərazilərlə yerində tanış olmaq məqsədilə Xocasən gölünə və Buzov-Maştağada yerləşən neftlə çirklənmiş ərazilərə sahə səfərlərini təşkil ediləcəyini bildirib.

AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova çıxışında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu 13 ərəfəsində icra olunan bu müsabiqə ölkədə elan edilmiş Memarlıq və Şəhərsalma İlinin məqsədlərinə mühüm töhfə verir. O qeyd edib ki, müsabiqənin tələbələrin praktik biliklərinin artırılması, urban problemlərə yaradıcı yanaşmanın formalaşması və gələcək memarların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən UN-Habitat-ın Prorqam meneceri Runze Vanq qeyd edib ki, universitetlərlə əməkdaşlıq dayanıqlı şəhər inkişafı siyasətinin vacib hissəsidir. O vurğulayıb ki, gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır.

Görüş çərçivəsində iştirakçılar müsabiqənin şərtləri, planlaşdırılan qrafiki, tələbə komandalarının fəaliyyəti, beynəlxalq ekspert dəstəyi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Sonda bildirilib ki, “Yaşanılabilən Bakı” layihəsi və layihə çərçivəsində təşkil edilən müsabiqə yalnız paytaxtın şəhər inkişafına deyil, eyni zamanda Azərbaycanda yeni nəsil şəhərsalma düşüncəsinin formalaşmasına, gənc mütəxəssislərin yetişməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Chosen
29
50
unikal.az

10Sources