EN

"DİM-i bu məsələdə qınamaq olmaz" - AÇIQLAMA

"Buraxılış imtahanları son bir neçə ilə qədər öz sadəliyi ilə seçilmirdi. Maksimal nəticə göstərənlərin sayı adətən 5-10 nəfər arasında dəyişirdi. Lakin təxminən üç il əvvəl, ard-arda iki il ərzində sualların təqdim olunmasında ciddi bir "yumşalma" müşahidə edildi. Xüsusilə pandemiya sonrasına təsadüf edən həmin dövrdə bir il maksimal bal toplayanların sayı 53-ə, növbəti il isə 43-ə çatdı. Bu, kifayət qədər böyük bir göstərici idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri səsləndirdi.

"Buraxılış imtahanında maksimal bal toplayanların sayının artması təhsilin səviyyəsinin qəfil sıçrayışı və ya şagirdlərin əvvəlkilərdən daha savadlı olması ilə deyil, Dövlət İmtahan Mərkəzinin (DİM) sual tərtibatındakı prinsipləri sadələşdirməsi ilə bağlı idi. Qeyd etmək lazımdır ki, DİM-i bu məsələdə qınamaq olmaz, çünki qurum sualları vahid tədris proqramına və hər fənnin müvafiq məzmun xətlərinə uyğun hazırlayır. Sualların formatında müəyyən mürəkkəblik və ya vaxtaparan məqamlar olsa da, onlar proqram çərçivəsindən kənara çıxmır", - deyə o qeyd etdi.

Ekspert əlavə etdi ki, davam edən bu sadələşmiş mexanizmdən sonra, cari ildə vəziyyət dəyişdi:

"İstər 9-cu, istərsə də 11-ci siniflərin imtahanlarında bəzi sualların qəlizliyi, xüsusən həlli uzun vaxt tələb edən tapşırıqlar ictimaiyyətin də diqqətindən yayınmadı.

Hələlik detallı bir mütəxəssis rəyi verməsək də, ehtimal etmək olar ki, bu il 11-ci siniflər üzrə maksimal nəticə göstərənlərin sayı elə də çox olmayacaq", - deyə mütəxəssis yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Chosen
102
1
redaktor.az

2Sources