EN

İsveç İrandakı müharibənin iqtisadi nəticələrinə hazırlaşır

Stokholm, 23 aprel, AZƏRTAC

İsveç hökuməti İrandakı müharibənin ciddi iqtisadi nəticələri barədə xəbərdarlıq edir.

AZƏRTAC xəbər verir ki, maliyyə naziri Elizabet Svantesson bu gün keçirilən mətbuat konfransında münaqişənin artıq iqtisadiyyata nəzərəçarpacaq dərəcədə təsir göstərdiyini və inflyasiyanın artmasına, ÜDM-in artımının yavaşlamasına və enerji və ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyini bildirib.

Baş nazir Ulf Kristersson qeyd edib ki, hökumət, yanacaq vergisini minimum səviyyəyə endirilməsi, ötən qış üçün ev təsərrüfatlarına elektrik enerjisinə görə kompensasiyaların təqdim edilməsi də daxil olmaqla, artıq bir sıra tədbirlər görüb. Lakin hökumətin qiymətləndirmələrinə görə, nəticələr, xüsusən də qaz ehtiyatlarının azalması və gələn qış enerji qiymətlərinin gözlənilən artımı fonunda uzunmüddətli ola bilər.

Dövlət orqanları müxtəlif ssenariləri nəzərdən keçirir və benzin normalaşdırılmasının tətbiqini istisna etmir, baxmayaraq ki, bu cür tədbirlərdən qaçmaq istəyini vurğulayır. İctimai nəqliyyatın dəstəklənməsi də daxil olmaqla, enerji istehlakını azaltmağın yolları da müzakirə olunur.

E. Svantessonun sözlərinə görə, enerji qiymətlərinin artması artıq ərzaq qiymətlərinə təsir göstərməyə başlayır. Əgər münaqişə səkkiz həftədən çox davam edərsə, iqtisadiyyata təzyiq güclənəcək. Müharibə hazırda məhz bu qədər davam edib və vəziyyət günü-gündən pisləşir.

Münaqişənin başladığı gündən neftin qiyməti təxminən 40 faiz artıb. Hörmüz boğazından yük daşınması əhəmiyyətli dərəcədə - gündə təxminən 20 milyon bareldən təxmini 4 milyon barelə qədər azalıb, bu da qlobal bazar üçün ciddi risklər yaradır.

İsveç hökuməti may ayında yenilənmiş iqtisadi proqnozu təqdim etməyi planlaşdırır və xammal təchizatındakı fasilələrin təsirini qiymətləndirmək üçün “Maersk” nəqliyyat şirkəti, “SAS” aviaşirkəti və İsveç Fermerlər İttifaqı kimi böyük şirkətlərlə məsləhətləşmələri davam etdirir.

Ekspertlər qeyd edirlər ki, münaqişənin uzanması nəticəsində, ən çox yüksək dövlət borcu və daha həssas iqtisadiyyatı olan ölkələr zərər çəkəcək, İsveç isə şaxələndirilmiş enerji sistemi sayəsində nisbətən daha dayanıqlı vəziyyətdədir.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Chosen
96
1
azertag.az

2Sources