Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 27 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Tərtər şəhərində qeydə alınıb.
Belə ki, İnqilab Qayıbov mobil telefonu vasitəsilə “TikTok” platformasında canlı yayımlara baxarkən tanışının yaşlı atasının digər şəxslə birlikdə canlı yayımda iştirak etdiyini və bu zaman sosial şəbəkə istifadəçiləri tərəfindən ələ salındığını görüb. O, bu vəziyyəti mənfi hal kimi qiymətləndirərək hadisənin baş verdiyi yeri müəyyənləşdirməyə çalışıb və görüntünün Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” parkında olduğunu ehtimal edib.
Bundan sonra təqsirləndirilən şəxs tanışı ilə birlikdə qeyd olunan ünvana gələrək parkın daxilində yerləşən çayxanada zərərçəkmiş Yaşar Abdullayevin digər şəxslə masa arxasında əyləşdiyini görüb. O, zərərçəkmiş şəxsi kənara çəkərək onun davranışlarının səbəbini aydınlaşdırmaq məqsədilə yaxınlıqdakı açıq hava səhnəsinin qarşısına dəvət edib. Söhbət zamanı İnqilab Qayıbov yaşlı kişinin sosial şəbəkədə rüsvay edilməsinə səbəb olan hərəkətlərinə görə Yaşara irad bildirib. Lakin zərərçəkmiş şəxs onun iradına məhəl qoymayaraq onu və ailəsini nalayiq ifadələrlə təhqir edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və təqsirləndirilən şəxs əsəbiləşərək Yaşarın sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirib.
Zərbənin təsirindən zərərçəkmiş şəxs müvazinətini itirərək öz boyu hündürlüyündən yerə yıxılıb və başının arxa hissəsi sərt səthə dəydiyi üçün ağır kəllə-beyin travması alıb. Tibbi sənədlərə əsasən, bu travma kəllə əsası sümüklərinin sınıqları, baş beyin qişalarına və toxumasına qansızmalarla müşayiət olunaraq həyat üçün təhlükəli ağır xəsarətlərə səbəb olub.
Yaşar Abdullayev aldığı xəsarətlər nəticəsində bir neçə gün müalicə aldıqdan sonra - 02 oktyabr 2024-cü il tarixdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Məhkəmə baxışı zamanı İnqilab Qayıbov özünü ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, əməlini həmin Məcəllənin 124.1-ci maddəsi ilə qiymətləndirməyi düzgün hesab etdiyini söyləyib.
O, ifadəsində qeyd edib ki, məqsədi tanışının atasına qarşı sosial şəbəkədə edilən hörmətsizliyin səbəbini aydınlaşdırmaq olub. Hadisə yerinə gəldikdən sonra zərərçəkmiş şəxslə söhbət etdiyini, lakin qarşı tərəfin nalayiq ifadələr işlətməsi səbəbindən əsəbiləşərək onu bir dəfə vurduğunu deyib.
Təqsirləndirilən şəxs deyib ki, zərbədən sonra Yaşar Abdullayev yerə yıxılıb və bir müddət reaksiya verməyib. O, ilkin olaraq zərərçəkmiş şəxsin sonradan özünə gələcəyini düşündüyünü, daha sonra isə vəziyyətin ciddiliyini anlayaraq ətrafdakılardan polisə məlumat vermələrini xahiş etdiyini qeyd edib.
İnqilab Qayıbovun sözlərinə görə, bir müddət sonra Yaşar Abdullayev özünə gəlib və oturub. Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxsin spirtli içki qəbul etdiyindən xəbərsiz olduğunu bildirib. Daha sonra onu evinə apararaq ailəsinə təhvil verdiyini, lakin baş verən hadisənin bütün detallarını açıqlamadığını qeyd edib.
İnqilab Qayıbov əlavə edib ki, sonradan zərərçəkmiş şəxsin xəstəxanaya yerləşdirildiyini və orada vəfat etdiyini öyrəndikdən sonra hüquq-mühafizə orqanlarına məlumat verib və könüllü olaraq polisə təslim olub.
Məhkəmənin hökmü ilə İnqilab Qayıbov Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 5 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunub. Təqsirləndirilən şəxsə təyin olunmuş həmin cəza onun 02 oktyabr 2024-cü il tarixdən 04 mart 2026-cı tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzası çəkilmiş hesab edilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.
Qeyd edək ki, İnqilab Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
Kamal Məmmədov