EN

ABŞ Hörmüz boğazının blokadası başlayandan 33 gəmini ələ keçirib

CENTCOM bildirir ki, saxlanılan gəmilərin əksəriyyəti neft tankerləridir və ciddi müqavimət göstərməyib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə X-də məlumat yayıb. Bildirilir ki, İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının başlanmasından etibarən ABŞ Silahlı Qüvvələri ümumilikdə 33 gəmini istiqamətini dəyişməyə məcbur edib və ya ələ keçirib. Rəsmi məlumatda qeyd olunur ki, bu gəmilərin böyük hissəsi ABŞ hərbçilərinin əmrlərinə müqavimət göstərmədən tabe olub.

Məlumata görə, saxlanılan və ya yönləndirilən gəmilərin əksəriyyəti neft daşıyan tankerlərdən ibarətdir. Bu isə bölgədə enerji tədarükü və beynəlxalq neft bazarına təsir baxımından ciddi narahatlıqlar yaradır.

Bundan əvvəl yayılan məlumatlara əsasən, ABŞ hərbi qüvvələri son günlər Asiya sularında İran bayrağı altında üzən azı üç tankeri ələ keçirib. Onların arasında xam neftlə yüklənmiş iki supertanker də olub. Aprelin 19-da isə ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində yerləşən “Touska” adlı ticarət gəmisini atəşə tutaraq nəzarətə götürüb.

Xatırladaq ki, ABŞ İran limanlarına qarşı dəniz blokadasına aprelin 13-də start verib. Buna cavab olaraq İran aprelin 18-də dünya enerji daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazını bağladığını elan edib. Qeyd olunur ki, boğaz həmin vaxta qədər yalnız təxminən 12 saat açıq qalmışdı.

Poliqon.info

Chosen
49
50
poliqon.info

10Sources