EN

Süni intellektin jurnalistikaya təsirindən əndişələnmək lazım deyil, sadəcə… - RƏŞAD MƏCİDLƏ MÜSAHİBƏ

Zamanla ayaqlaşmağa və adekvat fəaliyyət göstərməyə ehtiyac var

Azərbaycan mediası son illərdə qlobal informasiya mühitində baş verən sürətli transformasiyaların birbaşa təsiri altında yeni mərhələyə qədəm qoyub. Xüsusilə süni intellekt texnologiyalarının xəbər istehsalı, məzmunun emalı, redaktə və informasiya yayımı proseslərinə inteqrasiyası jurnalistikanın klassik funksional modelini yenidən dəyərləndirməyi zəruri edir. Bu dəyişikliklər bir tərəfdən media fəaliyyətində operativlik, analitik imkanlar və texnoloji dəqiqliyi artırsa da, digər tərəfdən peşə etikası, informasiya etibarlılığı və insan faktorunun rolu ilə bağlı yeni suallar doğurur.

Belə bir şəraitdə jurnalistikanın gələcəyi artıq yalnız texnoloji yeniliklərin tətbiqi ilə deyil, həm də bu yeniliklərin peşə standartlarına, yaradıcılıq müstəvisinə və ictimai məsuliyyət anlayışına necə təsir göstərməsi ilə müəyyən olunur. Süni intellektin media sisteminə daxil olması jurnalistin rolunu sırf informasiya ötürücüsündən daha çox analitik düşünən, məzmunu qiymətləndirən və ictimai marağı qoruyan peşəkar subyekt kimi daha da aktuallaşdırır.

Məhz bu kontekstdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil” qəzetinə özəl müsahibəsində süni intellektin jurnalistikaya təsiri ilə bağlı mühüm suallara aydınlıq gətirir.

-Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda jurnalistikanın gələcəyini necə qiymətləndirirsiniz: bu proses peşəni zəiflədəcək, yoxsa yeni mərhələyə daşıyacaq?

-Süni intellekt dövrümüzün reallığıdır. Onunla hesablaşmaq mütləqdir. O cümlədən jurnalistika da hesablaşmalıdır. Heç şübhəsiz, peşənin forma və məzmununda müəyyən dəyişiklər olacaq və olur da. Amma deməzdim ki, bu, jurnalistikanı zəiflədəcək. Fikrimcə, peşə özündə müəyyən müqavimət elementləri doğuracaq və dərinləşməkdə olan bu prosesin müəyyən elementləri hiss edilməkdədir.

 Nəticə etibarilə, yeni mərhələni labüd sayıram. Amma, hər halda, heç bir texnologiya jurnalist zəkasını, intuisiyası və fəhmini, həssaslıq meyarlarını əvəzləyə bilməz. Sadəcə, zamanla ayaqlaşmaq yolunda böyük səylər göstərmək lazımdır. Güclü ayaqda qalacaq. Sərt və rəhmsiz təsir bağışlasa da, reallıq budur.

-Süni intellektin xəbər istehsalı, mətn yazımı və informasiya yayımında aktiv rol aldığı bir dövrdə jurnalistin əsas funksiyası hansı istiqamətdə dəyişməlidir?

 -Jurnalist ilk növbədə düşünməlidir. Söhbət ənənəvi xəbər yayıcılığından kənar düşüncədən gedir. O düşüncə ki, analitik baxışa əsaslanır, hadisə və proseslər arasında qanunauyğunluğu və ziddiyyətləri iti duyumla üzə çıxarır. Kim güclüdürsə, ayaqda qalacaq, - deyərkən, məhz bunu nəzərdə tuturdum. Jurnalist xəbər bolluğu şəraitində həm düşünməli, həm də cəmiyyəti düşündürməyi bacarmalıdır. Bu əzm ictimai maraq və mənafelərin qorunmasına sadiqlik üzərində qurulmalıdır. Hesab edirəm ki, belə olduqda peşə nüfuzunu əldən verməyəcək. Mən nikbinəm. Ən azından, pessimist deyiləm.

 -Sizin fikrinizcə, süni intellekt jurnalistikada obyektivliyi artıran bir vasitədir, yoxsa informasiya manipulyasiyası riskini daha da gücləndirən faktor?

Süni intellekt jurnalistika üçün,
bir növ, köməkçi vasitədir.
Əgər media nümayəndəsi ondan səmərəli
şəkildə bəhrələnirsə, işi asanlaşacaq

- Baxır, məsələyə hansı aspektdən yanaşılır. Kimsə, yaxud kimlərsə, informasiya manipulyasiyana fokuslanacaqsa, süni intellekt də məhz bu funksiyanı yerinə yetirəcək. Nəzərə alaq ki, obyektivlik axtaranlar süni intellekti öz məqsədlərinə uyğun istifadə edirlər.

 Mənim nəzərimdə süni intellekt jurnalistika üçün, bir növ, köməkçi vasitədir. Əgər media nümayəndəsi ondan səmərəli şəkildə bəhrələnirsə, işi asanlaşacaq. Bu baxımdan hansısa risk görmürəm. Risk daha çox, ümumən, informasiya amilinə yanaşmalardadır. Yaşadığımız dövrdə yanaşmaların fəsadlı tərəflərini görürük. Məsələn, dezinformasiyalar, yəni məqsədli şəkildə yanlış xəbər yayıcılığı adi hal alıb. Geniş anlamda isə bu, böyük qlobal proseslərin tərkib hissəsi kimi diqqət çəkir. Dünya çətin yaşanılan düzəndir. Dövrümüzün daha bir reallığı budur.

- Azərbaycan mediası süni intellektin yaratdığı çağırışlara institusional və texnoloji baxımdan nə dərəcədə hazırdır?

- Məsələni yalnız süni intellektin yaratdığı çağırışlara hazırlıq prizmasından dəyərləndirməzdim. Azərbaycan mediasının ümumi hazırlığı məsələsi önəmlidir. Bu hazırlığın ən müxtəlif komponenetləri var. İntellektuallıqdan tutmuş texniki vasitələrədək bir çox məqamları vurğulamaq mümkündür.

Əlbəttə, bu gün fəaliyyətini dövrün tələbləri çərçivəsində quran media orqanlarımız var. Arzu edərdik ki, sayları çox olsun. Çünki media sahəsində yüksək hazırlıq səviyyəsi hər cəhətdən güclü olmaq deməkdir. Azərbaycan dövlətinin də yanaşması budur. Media sahəsindəki dövlət siyasəti məhz bu cür media orqanlarının yaradılmasını və fəaliyyətlərinin təşkilini rəhbər tutur. Bir çox məsələlərin gerçəkləşməsinin isə həm də zamana ehtiyacı var. 

-Redaksiyalarda süni intellektdən istifadə artdıqca insan əməyinin, yəni jurnalistin analitik və yaradıcı rolunun hansı həddə qədər qorunması vacibdir?

 -Düşünmürəm ki, bu sahədə hansısa hədd və ya meyar var. Yaradıcılıq hər zaman prioritetdir. Jurnalist süni intellektdən istifadə edib yaradıcı ola bilər. Yəni, onun analitik məzmunlu material ortaya qoyması mümkündür.

Jurnalist texnologiyadan spekulyasiya aləti kimi yararlanacaqsa, təbii ki, bu, ona heç bir uğur gətirməyəcək, üstünlük qazandırmayacaq. Üstəlik, zamanla möhtəkir məzmunlu əməyinə ehtiyac qalmayacaq. Əsas məsələ insan, daha doğrusu, jurnalist zəkasıdır. İndiki halda bu zəkanı kapitala çevirməyi bacaranlar qalib gələcək, əvvəldə dediyim kimi, ayaqda qalacaqlar.

- Süni intellektin hazırladığı xəbərlərin etik məsuliyyəti kimə məxsus olmalıdır: platformaya, redaksiyaya, yoxsa konkret jurnalistə?

 -Xəbər media orqanında yayılırsa, məsuliyyəti həmin media orqanı, onun jurnalisti daşımalıdır. Sadə məntiq də bunu deyir. Digər tərəfdən, süni intellektin hazırladığı material anlayışını qəbul etmirəm. Hər halda, həmin material da müəyyən yaddaş bazasının məhsuludur. O baza ki, əsasını insan əməyindən götürür.

Süni intellektin hazırladığı material anlayışını qəbul etmirəm

Jurnalistika günümüzün tarixidir. Jurnalist və media orqanı bu gün yaşananlara yaradıcı yanaşma yollarını müəyyənləşdirirsə, deməli, məsuliyyətli davranır. Yəni, cəmiyyət qarşısındakı məsuliyyətini dərk edir. Bu dərketmə isə həm də etik məsələdir. Hər şey bu qədər sadədir.

 -Mətbuat Şurası olaraq süni intellektin mediada tətbiqi ilə bağlı etik kodeks və ya tənzimləyici yanaşmaların hazırlanmasına ehtiyac görürsünüzmü?

 -Dünyanın bir çox ölkələrində media qurumları süni intellekt şəraitində etik kodekslər hazırlayırlar. Mətbuat şuralarının da bununla əlaqədar tövsiyələri olur. Ancaq söhbət sırf süni intellektdən yararlanmaq yollarından gedirsə, burada daha çox redaksiyaların məsuliyyəti ön planda olmalıdır. Mətbuat şuraları isə ümumi prinsipləri rəhbər tuturlar. Bu prinsiplər isə dəyişməzdir: obtektivlik dəqiqlik, tərəfsizlik və sair.

Süni intellektin yol verdiyi yanlışlıq texniki məsələdir, amma bu yanlışlığı nəzərə almayıb ondan bəhrələnmək özündə mənəvi anlam daşıyır. Ona görə də jurnalist cəmiyyətin həssas nümayəndəsi kimi yanlışlardan qorunmalıdır. Qorunmalıdır ki, özünün və çalışdığı media orqanının reputasiyası pozulmasın, ona inam və etimad olsun. 

Peşəkar jurnalist süni intellektlə hazırlanmış xəbərin
strukturunda səhvlər tapa bilirsə,
deməli, heç də hər şey təqdim edildiyi kimi deyil

- Süni intellektin media sisteminə dərin inteqrasiyası fonunda klassik jurnalistikanın mahiyyəti necə transformasiya olunacaq və gələcəkdə jurnalistin peşəkar statusu hansı əsas kompetensiyalar üzərində formalaşacaq?

 -Başlıca məsələ süni intellektdə deyil, bir yardımçı vasitə olaraq ondan daha səmərəli faydalanmaqdadır. Peşəkar jurnalist süni intellektlə hazırlanmış xəbərin strukturunda səhvlər tapa bilirsə, deməli, heç də hər şey təqdim edildiyi kimi deyil. Hərçənd, bəzən mübaliğəyə yer verilir. Ona görə də jurnalistin peşəkar statusunda hansısa dəyişiklikləri istisna edirəm.

Bəli, klassik jurnalistika kimi anlam var. Bu bölgü və meyar var, bir qayda olaraq, özündə keçmişin nostalgiyasını daşıyır. Zamanında radio və televiziya da klassik jurnalistikaya yad ünsürlər sayılırdı. Ancaq bu gün telejurnalistikamızın klassikləri var. Hər halda, belə deyirik. Sözüm ondadır ki, müasir texnologiyaların jurnalistikaya təsirindən əndişələnmək lazım deyil. Sadəcə, zamanla ayaqlaşmağa ehtiyac var. Ayaqlaşmağa və adekvat fəaliyyət göstərməyə. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
6
ikisahil.az

1Sources