EN

Qarabağ ın 9 oyunluq Sabah sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ" klubu Misli Premyer Liqası və Azərbaycan Kuboku da daxil olmaqla ardıcıl 9 oyundur ki, "Sabah"ı məğlub edə bilmir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin sonuncu qalibiyyəti 2024-cü ilin sentyabrında qeydə alınıb.

Həmin vaxt "Sabah"ın baş məşqçisi xorvatiyalı Krunoslav Renduliç idi. "Köhlən atlar" sözügedən görüşdə 3:2 hesablı qələbəyə seviniblər.

Həmin qarşılaşmadan sonra ağdamlıların bu rəqiblə duellərdə qələbəsiz oyunlar seriyası başlayıb. 2024-cü ilin noyabrında "bayquşlar"ın baş məşqçi təyin olunan Vasili Berezutski də "Qarabağ"a uduzmayıb. Komandaların 2024/2025 mövsümündə Misli Premyer Liqasında ardıcıl üç oyunu 1:1 hesabı ilə başa çatıb.

"Sabah" həmin mövsümdə, Azərbaycan Kubokunun final matçında rəqibinə əlavə vaxtda qalib gələrək (3:2) ilk dəfə titula sahib çıxıb.

2025/2026 mövsümünə Valdas Dambrauskasla başlayan "Sabah" litvalı mütəxəssisin rəhbərliyi altında da məğlubiyyətlə üzləşməyib. Komanda Misli Premyer Liqasının I (2:1) və XXVIII (1:0) turunda qələbə qazanıb. XXII turda isə qollu heç-heçə qeydə alınıb - 3:3. Azərbaycan Kubokunun yarımfinalında keçirilmiş ilk görüşdə tərəflər heç-heçəyə (2:2) razılaşıblar. Cavab qarşılaşmasında "Sabah" sevinən tərəf olub - 2:1.

Beləliklə, "Qarabağ" ardıcıl 9 oyundur ki, "Sabah"ı məğlun edə bilməyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi, "Şöhrət" ordenli Ağasəlim Mircavadov hər iki komandanın son mövsümdə parlaq oyun sərgilədiyini söyləyib:

"Sabah"ın tarixi elə də böyük deyil. Məhz bu qısa müddətdə belə klub formalaşdırmaq asan başa gəlmir. Amma sağ olsunlar, belə yaxşı futbol sərgiləyən komanda qurublar. "Qarabağ"la da başabaş mübarizə aparırlar, çempionata rəng qatıblar Bu, Premyer Liqamız üçün çox sevindirici haldır. Uğurlu çıxışı Avropada da davam etdirmək lazımdır".

A.Mircavadov "Qarabağ"ın ardıcıl olaraq avrokubokların əsas mərhələsində çıxış etdiyini xatırladıb:

"Onları müsbət mənada nümunə göstərmək istəyirəm. İlk olaraq avrokubokların əsas mərhələlərinə vəsiqə qazanmaq üçün mübarizə aparırdılar, pley-offda uduzduqları vaxtlar olub. Artıq ardıcıl olaraq turnirlərə vəsiqə qazanırlar. Bu, tarixi nailiyyətdir. Digər klublarımızın da bunu gerçəkləşdirməsini arzulayıram. Hazırda isə "Qarabağ" "Sabah"a 9 oyundur qalib gələ bilmir. Sözün düzü, bu statistikaya fikir verməmişdim. Futbolda belə seriyalar, məqamlar olur. "Sabah" əvvəlki baş məşqçi Vasili Berezutskinin rəhbərliyi altında ölkə kubokunun finalında da qalib gəlmişdi. İndiki baş məşqçi Valdas Dambrauskas isə beş görüşdür ki, "Qarabağ"a məğlub olmur. "Qarabağ" güclü komandadır. Avropada sözünü deyib. Mən özüm də 9 oyun qalib gələ bilmədiklərini eşidəndə təəccübləndim. Belə seriyalar olur. Bəzən hansısa komandaya qarşı oynaya bilmirsən".

Təcrübəli mütəxəssis "Sabah"ın da yaxşı heyətinin olduğunu sözlərinə əlavə edib:

"Burada oyunçuların keyfiyyəti önəmli rol oynayır. Ümumiyyətlə, "Sabah" sonuncu məğlubiyyətini nə vaxt alıb? Səhv etmirəmsə, bu, ötən ilin avqustuna təsadüf edir. Həmin vaxtdan bəri uduzmurlar. Bu, komandanın oyununu, futbolçuların səviyyəsini və məşqçilər korpusunun işini göstərir".

Xatırladaq ki, "Sabah" Misli Premyer Liqasında 28 turdan sonra 69 xalla liderdir. Rəqibindən bir matç az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır. "Sabah" mayın 13-də Azərbaycan Kubokunun finalında "Zirə" ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
baku.ws

2Sources