EN

Türkiyəli professorun Azərbaycan aşıq sənətinə dair əsərləri təqdim olunub

Bakı, 24 aprel, AZƏRTAC

Xəzər Universitesində Erzincan Binali Yıldırım Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünün professoru Ali Kafkasyalının “Aşıq Şenlik və dövrün tarixi mənzərəsi” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Kitabın Azərbaycan dilində variantı AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. Əsəri institutun Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu çapa hazırlayıb.

Tədbirdə Ali Kafkasyalının “Göyçənin bilgə ozanı Aşıq Ələsgər” əsəri də təqdim olunub. Qeyd edilib ki, hər iki əsər “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Ali Kafkasyalının “Aşıq Şenlik və dövrün tarixi mənzərəsi” kitabında görkəmli söz ustadının (1850-1913) həyat və yaradıcılığı dəyərləndirilir. Aşıq Şenliyin bədii örnəkləri Qafqaz və Doğu Anadolu bölgəsinin XIX əsrin sonu və XX əsrin ilk rübünün siyasi tarixinə, Qars vilayətinin ruslar tərəfindən işğalına və türk-müsəlman əhalisinin düşdüyü mürəkkəb vəziyyəti əks etdirir.

 

Chosen
17
1
azertag.az

2Sources