İsrailin Baş naziri Benyamin Netanyahu özünün illik tibbi hesabatı ilə bağlı ictimaiyyətə məlumat verib.
Musavat.com xəbər verir ki, hökumət başçısı bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün mənim illik tibbi hesabatım dərc olundu. İranın terrorçu rejiminin İsrailə qarşı daha çox yalan təbliğat yaymasına imkan verməmək üçün bu hesabatın dərcini müharibənin qızğın vaxtına düşməsin deyə iki ay təxirə salmağı xahiş etmişdim", - deyə Netanyahu qeyd edib.
Baş nazir səhhəti ilə bağlı üç mühüm məqamı diqqətə çatdırıb:
"1 - Şükürlər olsun ki, sağlamam.
2 - Əla fiziki formadayam.
3 - Prostat vəzi ilə bağlı kiçik bir tibbi problemim var idi və o, tamamilə müalicə olundu. Şükürlər olsun, bu artıq geridə qaldı".
Netanyahu bu açıqlaması ilə həm ölkə daxilində, həm də beynəlxalq mediada onun səhhəti ilə bağlı yayılan müxtəlif şayiələrə və dezinformasiyalara son qoymuş olub.
Musavat.com