EN

Yağışdan bir ay keçib, Masazır hələ də su altında VİDEO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Ötən ayın sonu, bu ayın əvvəlində ölkə ərazisinə yağan güclü yağışlar yüzlərlə vətəndaşın həyatını iflic etdi. Evlər, həyətlər, zirzəmilər və avtomobillər su altında qaldı, bir çox küçə və qəsəbələrdə hərəkət demək olar ki, mümkünsüzləşdi.

Yağışlardan sonra sukanal idarələrində gücləndirilmiş iş rejimi tətbiq olunub, suların çəkilməsi və xətlərin açılması istiqamətində tədbirlər görülüb.

Bakupost.az xəbər verir ki, bir çox ərazilərdə vəziyyət normallaşsa da, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində problem hələ də qalmaqdadır.

Sakinlərin sözlərinə görə, ərazidə daşan kanalizasiya suları indiyədək çəkilməyib:

“Camaat əziyyət çəkir. Burada yaşayanlar qazsız, susuz və işıqsız şəraitdə qalır. Hamı çətin vəziyyətdədir”.

Mövcud vəziyyətin antisanitar şərait yaratdığı və xəstəliklərin yayılması riskini artırdığını nəzərə alaraq, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan Bakupost.az-ın sorğusuna cavab olaraq bildirildi ki, normadan dəfələrlə çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilib:

“Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər var ki, orada mərkəzləşmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. O cümlədən, evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Lakin buna baxmayaraq müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir.

Həmçinin hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Sözügedən ərazidə də tullantı su xəttinin qurulması mərhələli şəkildə həyata keçiriləcək”.

Lalə Novruz,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
1
www.bakupost.az

2Sources