EN

İzahı olmayan hadisə: Xəzər niyə quruyur?

Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır.

Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.

Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı tələb olunur.

BMT baş katibinin müavini İnger Andersen ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.

Əgər Xəzərin səviyyəsi proqnoz edildiyi kimi enərsə, bizi nə gözləyir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsinin belə kəskin düşməsinin elmi izahı yoxdur:

“Xəzər dənizinin səviyyəsi hər zaman periodik olaraq dəyişib. Son 4 min illik müşahidələr göstərir ki, Xəzərin səviyyəsi hər 200–250 ildən bir qalxma və enmə dövrləri keçirib. Xəzərdə sonuncu ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub. 

Ovaxt Xəzərin səviyyəsi hazırkı səviyyədən təxminən 5 metr daha yüksək olub. Bu müddət ərzində səviyyə üç dəfə qalxıb və bir o qədər də enib. Konkret olaraq, 1855–1885-ci illərdə səviyyə 80 santimetr qalxıb, 1886–1910-cu illərdə 100 santimetr düşüb, 1911–1929-cu illər arasında 30 santimetr artım qeydə alınıb, 1930-cu ildən 1977-ci ilə qədər isə təxminən 3 metrə qədər azalma müşahidə olunub. 

Sonrakı dövrdə, yəni 1978–1995-ci illərdə Xəzərin səviyyəsi 2.5 metr qalxıb, 1996-cı ildən 2025-ci ilə qədər isə yenidən azalma tendensiyası müşahidə olunub.

Göründüyü kimi, Xəzərin səviyyəsi daimi olaraq dəyişir və bu proses təbii xarakter daşıyır. Hazırda ümumi tendensiya enmə istiqamətindədir. Təxmin edilir ki, səviyyə daha 1–1.5 metr də enə bilər. Əsrin ortalarına yaxın, yəni 2040–2050-ci illər arasında bu prosesin dayanması və yenidən qalxma mərhələsinə keçməsi ehtimal olunur”.

Onun sözlərinə görə, son bir əsrdə Xəzərin səviyyəsində üç dəfə kəskin dəyişiklik baş verib:

“Birinci dəfə 1930-cu ildən 1977-ci ilə qədər dənizin səviyyəsi 3.2 metrə qədər aşağı düşüb. 1978–1995-ci illərdə isə 2.5 metr qalxıb. 1996-cı ildən bu günə qədər isə yenidən azalma müşahidə olunur.

Xəzər dənizinin səviyyəsinin 8–21 metrə düşməsi ilə bağlı tarixdə heç bir təsdiqlənmiş fakt yoxdur. Xəzər dənizi üç hissədən – şimal, orta və cənub hissələrdən ibarətdir.

Şimal hissə daha dayazdır, təxminən 4 metr dərinliyə malikdir. Səviyyənin kəskin enməsi bu ərazilərdə ciddi ekoloji dəyişikliklər yarada bilər, yəni bataqlığa çevrilə bilər. Amma tarix boyu belə hal olmayıb.

Xəzər dənizinin su balansı dedikdə ona daxil olan və ondan çıxan sular nəzərdə tutulur. Dənizə daxil olan suların təxminən 44 %-i çay sularıdır, 19 %-i birbaşa səthə yağan yağıntılardır, 1 %-i isə yeraltı sulardır.

Dənizdən gedən suların isə təxminən 95 %-i buxarlanma, 5 %-i isə digər axınlar vasitəsilə baş verir. Buna görə də Xəzərin səviyyəsinin qalxıb-enməsi təbii və dövri prosesdir”.

O qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin həm qalxması, həm də enməsi region ölkələrinə müxtəlif ekoloji və iqtisadi təsirlər göstərir:

“Buna görə də dənizin təbii xüsusiyyətləri nəzərə alınmalı və uyğunlaşma tədbirləri görülməlidir. Eyni zamanda çirklənmənin qarşısının alınması və ekoloji tarazlığın qorunması üçün Xəzərsahili ölkələrin birgə əməkdaşlığı vacibdir. Xəzər dənizinin səviyyə dəyişmələri təbii, dövri və uzunmüddətli geofiziki prosesdir”.

Chosen
10
1
cebheinfo.az

2Sources