EN

“Məqsədimiz piylənmə xəstəliyinə kompleks yanaşmanın tətbiqinə nail olmaqdır Taryel Ömərov

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında beynəlxalq səviyyəli “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresi keçirilir.

Konqresin təşkilatçısı, tibb üzrə fəlsəfə doktoru, ümumi-laparoskopik bariatrik cərrah, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi və sədri Taryel Ömərov tədbir barədə Redaktor.az-a məlumat verib.

O bildirib ki, tədbir beynəlxalq status daşıyan mühüm platformadır:

“Bu gün növbəti möhtəşəm, beynəlxalq statuslu tədbirə ev sahibliyi edirik. Bu, 7-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahlıq Konfransıdır. Pandemiyaya qədər konfranslarımız hər il keçirilirdi, pandemiyadan sonra isə onların üç ildən bir təşkili planlaşdırılıb.

Eyni zamanda tədbir çərçivəsində daha iki beynəlxalq konfrans keçirilir: 5-ci Türkdilli Xalqların Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər Konfransı və 3-cü Xəzəryanı Dövlətlərin Cərrahiyyə Konfransı.

Konfransda 9 ölkədən 37 beynəlxalq məruzəçi, 8 beynəlxalq dərnəyin rəhbərləri və onların komandaları iştirak edir. Tədbirə Dünya Bariatrik Cərrahlar Dərnəyinin və Avropa Piylənmənin Öyrənilməsi və Araşdırılması Dərnəyinin prezidentləri, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Rusiya, Almaniya və İngiltərədən nümayəndələr qatılıb”.

T. Ömərov qeyd edib ki, konfrans iki gün davam edəcək:

“Birinci gün Tədris Cərrahiyyə Klinikasında protokollar və bariatrik cərrahiyyənin xüsusiyyətləri müzakirə olunur. İkinci gün isə əsas açılış mərasimi keçiriləcək.

Konfransın ikinci günündə piylənmə xəstəliyinin müalicəsinə multidissiplinar yanaşma çərçivəsində 9 milli dərnəyin iştirakı ilə 8 panel təşkil olunacaq. Bu panellərdə cərrahiyyə ilə yanaşı, endokrinologiya, kardiometabolik sindrom, anesteziologiya, qidalanma və dietologiya kimi sahələr də əhatə olunacaq.

Əsas məqsədimiz piylənmə xəstəliyinə kompleks yanaşmanın tətbiqi, beynəlxalq protokolların ölkəmizə gətirilməsi və bu sahədə əldə olunan nailiyyətlərin praktik tətbiqinə nail olmaqdır. Eyni zamanda milli cərrahların və yerli tibbi komandaların beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsi prioritet istiqamətlərimizdəndir”.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
1
redaktor.az

2Sources