EN

Xəzər suitiləri: Dənizdəki mənfi dəyişikliklərin ilk qurbanı ARAŞDIRMA

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Xəzər dənizi yalnız dünyanın ən böyük qapalı su hövzəsi deyil, həm də unikal ekosistemi ilə seçilən təbiət möcüzəsidir. Bu dəniz özünün endemik flora və faunası, xüsusilə də qədim dövrlərdən bu günə qədər gəlib çatan relikt növləri ilə dünya təbiət irsinin ən qiymətli nümunələrindən biri hesab olunur. Lakin son illərdə Xəzərin ekoloji tarazlığı ciddi sınaqlarla üz-üzə qalıb. Xüsusilə yay aylarında müşahidə olunan anomal istilər, sahil xəttinin kilometrlərlə geri çəkilməsi və dənizin səviyyəsinin kəskin şəkildə enməsi artıq sadə təbiət hadisəsi deyil, regional ekoloji fəlakətin xəbərçisi kimi qiymətləndirilir. Bu prosesin ən ağrılı və sarsıdıcı tərəfi isə dənizin yeganə məməlisi olan Xəzər suitilərinin kütləvi tələf olmasıdır. Sahilboyu ərazilərdə, xüsusən Şimali Xəzər və Abşeron yarımadası sahillərində yüzlərlə suiti cəsədinin tapılması həm cəmiyyəti, həm də elmi dairələri ciddi şəkildə narahat edir.

Bu mövzu ilə bağlı AZƏRTAC-ın sualını cavablandıran ekologiya üzrə ekspert Gülşən Axundova bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin tərəddüd etməsi tarixi bir faktdır. Lakin hazırki enmə prosesi həm sürətinə, həm də fəsadlarına görə əvvəlki dövrlərdən köklü şəkildə fərqlənir. Bu fenomenin arxasında duran fundamental səbəb qlobal iqlim dəyişikliyi və onun yaratdığı zəncirvari fəsadlardır. Yay aylarında havanın temperaturunun normadan dəfələrlə yüksək olması dəniz səthindəki buxarlanmanı kəskin sürətləndirir. Eyni zamanda, Xəzəri qidalandıran əsas arteriyalar — Volqa, Kür və Ural çaylarının gətirdiyi suyun həcmi ilbəil azalır. Bu azalma yalnız iqlim amilləri ilə, yəni yağıntıların azalması və dağlardakı buzlaqların kiçilməsi ilə bağlı deyil, həm də antropogen təsirlərin nəticəsidir.

Suitilərin ölümünə səbəb olan amillər

Ekspert qeyd edib ki, Xəzər suitisi (Pusa caspica) dəniz ekosisteminin ən yüksək pilləsində dayanan bir canlı kimi dənizdəki bütün mənfi dəyişikliklərin ilk qurbanına çevrilir. Onların kütləvi ölümü bir neçə amilin eyni vaxtda təsiri ilə izah olunur. Birincisi, dəniz səviyyəsinin enməsi suitilərin yay aylarında dincəlmək, günəş enerjisi toplamaq və tükdəyişmə prosesini keçirmək üçün seçdikləri adaların və qumlu dayazlıqların yox olmasına gətirib çıxarır. Yaşayış mühitini itirən heyvanlar daha dar ərazilərdə, bir-birinə çox yaxın məsafədə toplanmağa məcbur olurlar. Belə sıxlıq isə infeksion xəstəliklərin yayılması üçün ideal mühit yaradır. İkincisi, suyun temperaturunun artması dəniz suyunda oksigenin miqdarını azaldır və zərərli bakteriyaların, virusların və toksik yosunların sürətlə artmasına rəvac verir. Bu şəraitdə suitilərin immun sistemi zəifləyir və onlar müxtəlif patogenlərə, xüsusən də "suiti taunu" kimi tanınan morbillivirus infeksiyasına qarşı tamamilə müdafiəsiz qalır. “İqlim dəyişikliyinin suitilər üzərindəki digər dolayısı təsiri qida zəncirinin pozulmasıdır. Suyun istiləşməsi və dayazlaşması suitilərin əsas qidasını təşkil edən kiçik balıq növlərinin miqrasiya yollarını dəyişir. Qida tapmaqda çətinlik çəkən heyvanlar zəifləyir, piy qatları nazilir və bu da onların soyuq sulara və ya xəstəliklərə qarşı dözümlülüyünü azaldır. Bundan əlavə, dənizin çirklənməsi — neft hasilatı zamanı yaranan tullantılar, sənaye suları və kənd təsərrüfatında istifadə olunan pestisidlərin çaylar vasitəsilə dənizə axıdılması vəziyyəti daha da pisləşdirir. Bu toksik maddələr suitilərin bədənində illərlə toplanaraq onları daxildən zəhərləyir, nəsilartırma qabiliyyətini aşağı salır və genetik mutasiyalara yol açır”,- deyə G.Axundova əlavə edib.

Xəzəri və onun canlılarını xilas etmək vaxtıdır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi bu tempdə davam edərsə, Xəzərin şimal və mərkəzi hissələrinin ekoloji vəziyyəti geridönməz həddə çata bilər. Suitilərin kütləvi tələf olması yalnız bir növün yox olması demək deyil, bu hal həm də bütün Xəzər ekosisteminə təsir edir. Çünki suitilər dənizin bioloji təmizliyini və balıq populyasiyalarının sağlamlığını tənzimləyən əsas həlqədir. Onların yoxluğu dənizdə zərərli mikroorqanizmlərin və nəzarətsiz yosunların artmasına, nəticədə dənizin "ölü su" kütləsinə çevrilməsinə səbəb ola bilər. Ona görə də artıq Xəzər dənizini və onun canlılarını xilas etməyin vaxtıdır. Xəzər dənizinin quruması və suitilərin kütləvi ölümü təbiətin insana verdiyi xəbərdarlıqdır. Təbiətin bu nadir incisini qorumaq hər kəsin vətəndaşlıq və bəşəri borcudur.

Müxbir – Aytac Haqverdiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
2
azertag.az

3Sources