EN

SSRİ dövründə fəxri ad alanlara ŞAD XƏBƏR – Təqaüd verilir?

SSRİ dövründə mədəniyyət, incəsənət, elm, əmək və digər sahələrdə fərqlənən şəxslərə SSRİ miqyaslı “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar müəllim”, “Sosialist Əməyi Qəhrəmanı”, “Sovet İttifaqı Qəhrəmanı” kimi fəxri adlar verilirdi. Bu adlar uzun illər yüksək peşəkarlığın və ictimai nüfuzun göstəricisi olmaqla yanaşı, maddi təminat baxımından da müəyyən üstünlüklər yaradırdı.

Bəs sovet dövründə ümumittifaq miqyaslı fəxri adlara sahib olan şəxslərə hazırda Azərbaycanda təqaüd ödənilirmi?

NOCOMMENT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən “Yeni Sabah”ın sorğusuna verilən cavabda bildirilib ki, SSRİ artıq mövcud olmadığı üçün həmin adlara görə ayrıca təqaüd mexanizmi tətbiq edilmir. Lakin bu kateqoriyadan olan şəxslər müstəqil Azərbaycanın fəxri adlarının təsnifatına müvafiq olaraq sosial təminatla əhatə olunublar.

Qurumdan qeyd olunub ki, ödənişlər “Azərbaycan Respublikasının fəxri adları haqqında” 1998-ci il 22 may tarixli Prezident Fərmanına əsasən həyata keçirilir:

“Azərbaycan Respublikasının fəxri adları haqqında” Prezidentin 1998-ci il 22 may tarixli müvafiq Fərmanına əsasən həmin Fərman imzalandığı günə qədər verilən fəxri adlar onları alan şəxslər üçün öz qüvvəsini saxlayır və müstəqil Azərbaycan Respublikasının fəxri adları hesab olunur. Qeyd olunanlara əsasən, Fərmanda nəzərdə tutulan fəxri adlar verilən şəxslərə Prezident təqaüdü təyin edilir”.

Qeyd edək ki, 11 iyun 2002-ci il tarixli, 715 nömrəli Fərmana əsasən təsis edilən Prezidentin fərdi təqaüdü Azərbaycan qarşısında xüsusi xidmətləri olan şəxslərə şamil olunur. Bu kateqoriyaya SSRİ dövründə yüksək fəxri adlar almış sənət və elm xadimləri də daxildir.

Məlumata görə, həmin siyahıda SSRİ Xalq rəssamları Mikayıl Abdullayev və Tahir Salahov, SSRİ Xalq artistləri Lütfiyar İmanov, Tamara Sinyavskaya, Fidan Qasımova, eləcə də Sosialist Əməyi Qəhrəmanları Şamama Həsənova, Əlisəfa Yaqubov, Qızqayıt Həsənova kimi tanınmış şəxslərin adları yer alıb.

SSRİ-nin 35 il əvvəl süquta uğradığı və fəxri adlara layiq görülən şəxslərin təltif olunduqları zaman orta yaş həddinin 50 və daha yuxarı olması nəzərə alınsa, bu kateqoriyadan olan insanların böyük əksəriyyətinin artıq vəfat etdiyi, sağ qalanların sayının isə ildən-ilə təbii şəkildə azaldığı da müşahidə olunur.

Xatırladaq ki, Prezidentin fərdi təqaüdünün hazırda məbləği 1700 manatdır./yenisabah

Chosen
25
5
nocomment.az

6Sources