Cənubi Koreyanın daxili birja indeksi rekord səviyyəyə çatsa da, ölkənin fərdi investorları kütləvi şəkildə ABŞ səhmlərini almağa davam edirlər.
“CNBC” xəbər verir ki, investorlar yerli bazardan daha çox xarici aktivlərə üstünlük verirlər.
Ötən dövrdə Cənubi Koreya Sinqapur və Norveçdən sonra ABŞ səhmlərinin ən böyük alıcısı olub. Ölkə sakinləri keçən il ABŞ səhmlərinə 73,6 milyard dollar vəsait yatırıblar. Bu, 2024-cü illə müqayisədə beş dəfə çoxdur. Cənubi Koreya Bankının hesabatına görə, ölkənin xarici investisiyalarının 63,4 faizi məhz ABŞ-nin payına düşür. İnvestorlar ABŞ şirkətlərini daha şəffaf hesab edirlər. Həmçinin ABŞ bazarlarının dividend ödəmələri və səhmləri geri alması investorlar üçün daha cəlbedicidir.
Paytaxt Seul şəhərinin rəhbərliyi vəsaitlərin ölkədən çıxmasının qarşısını almaq üçün vergi güzəştləri elan edib. Lakin ekspertlər bu addımların investorları dayandıracağına şübhə ilə yanaşırlar.
Qeyd edək ki, Cənubi Koreyada xarici səhm alan fərdi investorlara “Seohak qarışqaları” deyilir. Onlar sayca çoxdurlar (təxminən 15 milyon nəfər) və illik ticarət həcminin 70 faizini təşkil edirlər. Yerli bazarın gəlirliliyinin artmasına baxmayaraq, bu “qarışqalar” gələcəyi ABŞ bazarlarında görürlər. Hətta 2026-cı ilin ilk aylarında da Cənubi Koreya ABŞ səhmlərinin ən böyük alıcısı olaraq qalır. Bu, hökumətin yerli bazarı gücləndirmək cəhdlərinin hələlik tam nəticə vermədiyini göstərir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”