Brüssel, 24 aprel, AZƏRTAC
Brüssel şəhərində yerləşən nüfuzlu mədəniyyət məkanlarından olan “Cercle Royal Gaulois”də Azərbaycanın Belçikadakı səfirliyinin təşkilatçılığı ilə azərbaycanlı fotoqraf Etibar Cəfərovun “The Colors of Azerbaijan: Land of Multiculturalism” adlı fotosərgisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın zəngin tarixi-mədəni irsini, əsrlər boyu formalaşmış multikultural dəyərlərini və müxtəlif etnik-dini icmalar arasında mövcud olan qarşılıqlı hörmət və birgəyaşayış ənənələrini əks etdirən yüksək bədii dəyərə malik foto əsərlər nümayiş olunub.
Tədbirin açılış mərasimində çıxış edən səfir Vaqif Sadıqov Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb, bu dəyərlərin qorunması, inkişaf etdirilməsi və beynəlxalq səviyyədə təşviqinin prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd olunub ki, bu qəbildən olan mədəni təşəbbüslər ölkəmizin zəngin irsinin və tolerantlıq modelinin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasına xidmət edir.
Fotoqraf Etibar Cəfərov çıxışında sənət fəaliyyətinin başlanğıcı, yaradıcılıq axtarışları və təqdim olunan əsərlərin ideya-fəlsəfi məzmunu barədə ətraflı məlumat verib, layihənin əsas məqsədinin Azərbaycanın multikultural simasının və mədəni müxtəlifliyinin beynəlxalq auditoriyaya təqdim olunması olduğunu diqqətə çatdırıb.
Brüssel Azad Universitetinin professoru Philippe Humble çıxışında multikulturalizmin müasir beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətindən bəhs edib, bu sahədə Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin elmi və praktik baxımdan xüsusi maraq doğurduğunu bildirib. O, Azərbaycanın multikulturalizm modelinin yalnız regional deyil, həm də qlobal miqyasda öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətli nümunə kimi çıxış etdiyini vurğulayıb. Professor P.Humble sərgidə təqdim olunan fotoəsərlərin bu dəyərlərin vizual ifadəsi kimi mühüm elmi-mədəni mesaj daşıdığını, onların cəmiyyətlərarası anlaşmanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyini xüsusi qeyd edib.
Belçikalı siyasi-şərhçi Michel İvor isə çıxışında sərginin yüksək bədii-estetik səviyyəsini vurğulayaraq, nümayiş olunan fotoşəkillərin Azərbaycanın zəngin mədəni müxtəlifliyini və tolerantlıq ənənələrini dolğun və təsirli şəkildə əks etdirdiyini bildirib.
Sərgi Belçikada fəaliyyət göstərən azərbaycanlı musiqiçilərin ifasında Azərbaycan və xarici bəstəkarların klassik musiqi nümunələri ilə müşayiət olunub, bu isə tədbirin ümumi bədii konsepsiyasını daha da zənginləşdirib.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, Azərbaycanın mədəni irsinin və multikultural dəyərlərinin beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən təşəbbüs kimi yüksək qiymətləndirilib.
Tədbirdə diplomatlar, tədqiqatçılar, Belçika və Avropa İttifaqının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.