EN

“Neftçi”ni “cin atına mindirən” xəbər - Bundan yaxşı imkan?

Yuri Vernidubun gəlişindən sonra 13 oyunun cəmi 1-də məğluib olan “Neftçi” son həftələrdə xoş təsir bağışlayır.

Hakimlər “Zirə” ilə görüşdə oyundankənar vəziyyətdən vurulan qolu saymasaydı, 5 oyunluq qələbə seriyası davam edəcəkdi.

“Neftçi” üçün çətin və məsuliyyətli 5 gün başlayır.

Bakılılar aprelin 26-da “Qarabağ”la Premyer Liqanın 29-cu turu çərçivəsində qarşılaşacaq. Aprelin 30-da isə məhz bu rəqibə qarşı21-ci turdan təxirə salınan oyun baş tutacaq.

“Qarabağ”ın kubok matçları da daxil, son 5 oyunda yalnız 1 qələbəyə sevinib, 1 heç-heçə etməsi və 3 dəfə məğlub olması “Neftçi”nin əl-qolunu açıb.

Üstəlik, komanda daxilində psixoloji durum ürəkaçan deyil. Hər iki titul böyük ölçüdə əldən çıxıb, bəzi futbolçular intizamsızlığa görə əvəzedici komandaya göndərilib, üstəlik, “köhlən atlar”ın mövsümü 3-cü pillədə başa vurmaq təhlükəsi yaranıb.

“Ağ-qaralar” 2021-ci ildən bu yana əzəli və prinsipial rəqibi üçün qapazaltıya çevrilib. Məğlubiyyət seriyası, darmadağınlar, bir sözlə, “Neftçi” illərdir “Qarabağ” kabusu yaşayır.

Təqdim edəcəyimiz Premyer Liqa ilə bağlı statistik göstəricilər “Neftçi”liləri “cin atına mindirəcək”.

* ”Neftçi” “Qarabağ”ı sonuncu dəfə düz 5 il əvvəl – 2021-ci ilin mayın 19-da məğlub edərək (1:0) çempion olub.

* “Neftçi”həmin gündən bu yana 17 oyundur “Qarabağ”ı məğlub edə bilmir.

* “Neftçi” son 17 oyunun 16-da “Qarabağ”a məğlub olub, yalnız 1 matç heç-heçə başa çatıb.

* “Neftçi” “Qarabağ”la son 10 oyunun hamısında meydanı məğlub tərk edib.

* “Neftçi” “Qarabağ”la son 17 oyunun 8-də 3 və daha artıq top fərqi ilə darmadağın olub.

* “Neftçi” “Qarabağ”la son 17 oyunda rəqib qapısına cəmi 7 top vurub, öz qapısından 50 qol buraxb.

* “Neftçi” 6 oyundur “Qarabağ”ın qapısına yol tapa bilmir.

Rəqəmlərə baxan istənilən şəxs bu dəfəki görüşdə “Qarabağ”ın rahat qələbəsini təxmin edə bilər.

Lakin bu dəfəki vəziyyət fərqlidir. Komandaların düşərgəsindəki ab-hava fərqlidir.

Bir tərəfdə 13 oyunda cəmi 1 məğlubiyyət alıb, son 5 görüşü yenilgisiz başa vuran “Neftçi” dayanır, digər yanda titulsuz qalan, son 5 qarşılaşmada cəmi 1 dəfə qalib gələn “Qarabağ”.

5 ildir yığılıb qalan uğursuz statistik göstəriciləri alt-üst etmək üçün “ağ-qaralar”ın əlindən bundan yaxşı imkan düşməyəcək.

Aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
44
sportinfo.az

1Sources