Ukraynaya məxsus zərbə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə Ural dağlarına qədər çataraq, Rusiyanın arxa cəbhəsində yerləşən Yekaterinburq və Çelyabinsk şəhərlərinə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə "Militarnıy" nəşri məlumat yayıb.
İlkin qiymətləndirmələrə görə, PUA-ların real uçuş məsafəsi daha çox ola bilər, çünki dövlət sərhədindən hesablanan məsafə dəqiq buraxılış nöqtələrini nəzərə almır. Hücum faktını Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler və Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler də təsdiqləyiblər.
Qeyd edək ki, bu, Ukraynanın uzaq məsafələrə həyata keçirdiyi ilk hücum deyil. Bundan əvvəl pilotsuz aparatlar sərhəddən təxminən 1400 kilometr məsafədə yerləşən Orsk şəhərindəki obyektlərə dəfələrlə zərbələr endirib.
Xatırladaq ki, aprel ayı ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisindəki bir neçə mühüm obyektə silsilə hücumlar təşkil edib.
Ayın əvvəlində Alçevsk Metallurgiya Kombinatı vurulub və nəticədə istehsalat dayanıb.
5 aprel tarixində Rusiyanın ən iri neft emalı zavodlarından biri olan "Nijneqorodnefteorqsintez" fəaliyyətini dayandırıb.
16 apreldə Tuapse neft emalı zavodu və liman infrastrukturu hədəf alınıb.
18 aprel gecəsi isə eyni anda dörd mühüm neft emalı obyekti zərbələrə məruz qalıb.
Son olaraq, 23 aprel gecəsi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) "Alfa" xüsusi əməliyyat mərkəzinin dronları Nijni Novqorod vilayətindəki "Qorki" neftvurma stansiyasına hücum edib.
Musavat.com

