EN

Azərbaycan-Ukrayna münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir - ŞƏRH

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan-Ukrayna münasibətlərində son illərdə nümayiş olunan dinamika, əslində, postsovet məkanında formalaşan yeni geosiyasi reallıqların bariz nümunələrindən biri kimi qiymətləndirilə bilər. Bu baxımdan Ukrayna dövləti başçısının ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin səsləndirdikləri bəyanatlar ortaq yanaşmalarının və uzunmüddətli tərəfdaşlıq perspektivinin ifadəsi sayıla bilər. İlk növbədə, diqqətçəkən məqam siyasi dialoqun intensivliyi və sistemli xarakter daşımasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib. O bildirib ki, son dörd il ərzində yeddi dəfə prezidentlər səviyyəsində keçirilən görüş iki ölkə arasında münasibətlərin epizodik deyil, institusional və davamlı əsaslar üzərində qurulduğunu göstərir. Bu fakt xüsusilə qlobal qeyri-müəyyənliyin artdığı, beynəlxalq münasibətlər sisteminin transformasiyaya uğradığı bir dövrdə strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

“2008 və 2011-ci illərdə iki ölkə arasında imzalanmış sənədlər isə bu münasibətlərin normativ-hüquqi bazasını təşkil etməklə yanaşı, qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınmasını prioritet kimi müəyyən edir.

Bu xüsusda Azərbaycan və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstək yalnız siyasi jest deyil, həm də prinsipial mövqeyin ifadəsidir. Xüsusilə ərazi bütövlüyü məsələsinin hər iki dövlət üçün prinsipial əhəmiyyət daşıdığı nəzərə alındıqda, bu qarşılıqlı dəstək beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasına yönəlmiş koordinasiyalı siyasət kimi də dəyərləndirilə bilər”, - deyə A. Kərimli vurğulayıb.

Deputatın sözlərinə görə, energetika sahəsində əməkdaşlıq isə bu münasibətlərin iqtisadi dayağını təşkil edən əsas istiqamətlərdən biridir: “SOCAR-ın Ukraynada uzunmüddətli fəaliyyəti yalnız kommersiya uğuru deyil, həm də Azərbaycanın enerji diplomatiyasının effektivliyinin göstəricisidir. Bununla yanaşı, yeni birgə layihələr və investisiya təşəbbüsləri iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsi üçün real zəmin yaradır. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçməsi isə mövcud potensialın yalnız bir hissəsinin reallaşdırıldığını göstərir və yaxın perspektivdə bu göstəricinin artacağına əsas verir.

Hərbi-texniki əməkdaşlıq istiqaməti də xüsusi diqqətə layiqdir. Həm Azərbaycanın, həm də Ukraynanın müdafiə sənayesi kompleksində əldə etdiyi nailiyyətlər, bu sahədə birgə istehsal və texnologiya mübadiləsi üçün geniş imkanlar açır. Bu isə təkcə iqtisadi deyil, həmçinin təhlükəsizlik baxımından strateji yaxınlaşmanın güclənməsi deməkdir.

Bütün bunların fonunda qeyd etmək olar ki, Azərbaycan-Ukrayna münasibətləri klassik diplomatik çərçivədən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Bu model siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və müdafiə sənayesi kimi müxtəlif istiqamətlərin sintezini özündə ehtiva edir. Eyni zamanda, bu münasibətlər qarşılıqlı hörmət və maraqlar balansı üzərində qurulduğundan, onların davamlı və dayanıqlı xarakter daşıdığı aydın görünür”.

“Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər və keçirilən müzakirələr Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafında növbəti mərhələni formalaşdırır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Chosen
67
50
azertag.az

10Sources