EN

Azərbaycanlı tələbə Edinburqdan danışır: təhsil, siyasət və perspektivlər - MÜSAHİBƏ

London, 26 aprel, AZƏRTAC

Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərin təcrübəsi və baxışları xüsusi maraq doğurur.

Bu dəfə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Şotlandiyanın Edinburq Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dövlət siyasəti ixtisası üzrə magistratura təhsili alan Səbuhi Dadaşovla həmsöhbət olub. O, dövlət siyasətinə marağının formalaşmasından başlayaraq qlobal çağırışlar və enerji siyasəti ilə bağlı baxışlarına qədər bir sıra mühüm istiqamətlər üzrə fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik.

- Dövlət siyasəti ixtisasına marağınız necə yaranıb və niyə məhz bu sahəni seçmisiniz?

- Beynəlxalq münasibətlər fonunda qlobal prosesləri öyrəndikdən sonra bu proseslərin real həyatda necə idarə olunduğunu və qanunvericilik səviyyəsində cəmiyyətə necə təsir etdiyini araşdırmaq istədim. Dövlət siyasəti mənə nəzəriyyədən praktiki qərarların qəbulu və tətbiqi mərhələsinə keçmək imkanı verir.

- Edinburq Universitetində bu ixtisası seçməyinizin əsas səbəbləri nələrdir?

- Edinburq Universiteti qlobal reytinqlərdəki yüksək mövqeyi və güclü tədqiqat imkanları ilə seçilir. Eyni zamanda, Şotlandiyanın özü idarəetmə və yerli siyasət quruculuğu baxımından unikal modeldir, bu da tədris prosesini faydalı edir.

- Hazırda təhsil aldığınız proqram sizə hansı əsas bilik və bacarıqları qazandırır?

- Proqram mənə real qanunvericilik aktlarının, məsələn, miqrasiya, mədəniyyət, idman və fiziki fəaliyyət siyasəti üzrə layihələrin hazırlanması, elita müsahibələri vasitəsilə keyfiyyət analizi aparmaq, həmçinin qlobal siyasi iqtisadiyyat və makroiqtisadi amillərin təhlili bacarıqlarını təkmilləşdirir.

- Dövlət siyasəti sahəsinin bu gün qlobal və milli səviyyədə əhəmiyyəti barədə nə deyə bilərsiniz? Dövlət siyasəti sahəsində sizi ən çox maraqlandıran konkret istiqamət hansıdır?

- Bu sahə qlobal böhranların idarəedilməsində əsas alətdir. Məni ən çox maraqlandıran istiqamətlər enerji siyasəti, xüsusilə neft dövlətləri, milli sərvətlərin idarəedilməsi və bərpaolunan enerjiyə keçid, xarici siyasət qərarlarının formalaşması prosesidir.

- Sizcə, gələcəkdə dövlət siyasəti sahəsində ən böyük çağırışlar nələr olacaq?

- Fikrimcə, iqtisadi qloballaşmanın milli hökumətlərin müstəqil siyasətinə təzyiqi, qlobal inflyasiyanın idarəolunması, mərkəzi bankların müstəqilliyinin qorunması və iqlim dəyişikliyi fonunda ədalətli enerji keçidinin təmin edilməsi əsas çağırışlar olacaq.

- Böyük Britaniyada, xüsusilə Edinburqda yaşamaq və təhsil almaq sizin üçün necə təcrübədir?

- Çox inkişafetdiricidir. Akademik mühitdən əlavə, tələbə cəmiyyəti ilə aktiv işləmək mümkündür. Məsələn, Edinburq Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin bir parçası olmaq və tələbələr üçün “Karyera Yolları Forumu”, Novruz bayramı kimi tədbirlər təşkil etmək bu təcrübənin dəyərli hissəsidir.

- Xaricdə təhsil alan tələbələr üçün ən böyük çətinliklər nədən ibarətdir?

- Fərqli akademik sistemə və müstəqil tədqiqat tələblərinə sürətlə adaptasiya olmaq, eyni zamanda, dərslərlə sosial həyatı və icma fəaliyyətlərini balanslaşdırmaq əsas çətinliklərdəndir.

- Dövlət Proqramı çərçivəsində təhsil almaq sizə hansı imkanları yaradıb?

- Dövlət Proqramı mənə maliyyə çətinliyi olmadan dünyanın ən yaxşı universitetlərindən birində təhsil almaq, tamamilə akademik tədqiqatlarıma və gələcək karyerama köklənmək imkanı yaradıb.

- Təhsilinizi başa vurduqdan sonra hansı sahədə fəaliyyət göstərməyi planlaşdırırsınız?

- Əsasən xarici siyasətin analizi, enerji siyasətinin formalaşdırılması və qlobal siyasi iqtisadiyyat istiqamətlərində peşəkar fəaliyyət göstərməyi və tədqiqatlar aparmağı hədəfləyirəm.

- Azərbaycanda dövlət siyasətinin inkişafına hansı töhfələri vermək istərdiniz?

- Mənim dissertasiya mövzum Azərbaycanın xarici siyasət qərarlarının necə formalaşması ilə bağlıdır. İstəyim, bu sahədə, həmçinin enerji siyasəti və dövlət inhisarlarının idarəolunması modellərini dərindən təhlil edərək, ölkəmizin institusional və strateji yanaşmalarının daha da təkmilləşdirilməsinə praktiki töhfə verməkdir.

- Bu sahədə təhsil almaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Dövlət siyasəti təkcə nəzəriyyədən ibarət deyil. Gənclərə məsləhətim odur ki, qlobal iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər kimi sahələrdə güclü baza yaratsınlar və təcrübə qazanmaq üçün fərqli-fərqli layihələrdə iştirak etməkdən çəkinməsinlər.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Chosen
20
1
azertag.az

2Sources