ABŞ prezidenti Donald Trampın İranın neft infrastrukturu ilə bağlı verdiyi son bəyanat Yaxın Şərqdəki geosiyasi gərginliyi ən yüksək həddə çatdırıb. Trampın 72 saatlıq kritik müddət təyin etməsi və Tehranın enerji sektorunun birbaşa hədəf ola biləcəyinə dair xəbərdarlığı regionda hərbi-siyasi ssenarilərin sürətlə dəyişməsinə səbəb olub.
Ağ Ev rəhbərinin bütün danışıq rıçaqlarının Vaşinqtonun əlində olduğunu vurğulaması ABŞ-nin İranla münasibətlərdə artıq diplomatik nəzakəti kənara qoyaraq, diktəedici mövqedən çıxış etdiyini göstərir. Bu vəziyyət dünya neft bazarlarında da ciddi təlatümlərə yol aça biləcək bir prosesin başlanğıcı kimi qiymətləndirilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Donald Trampın bu addımı əslində İranı tam küncə sıxışdırmaq və onu Vaşinqtonun şərtlərinə tabe etmək strategiyasının tərkib hissəsidir: “Tramp administrasiyası hesab edir ki, İranın iqtisadi sütunu olan neft infrastrukturunu təhdid etməklə Tehranın həm daxili, həm də xarici manevr imkanlarını məhdudlaşdıra bilərlər. Burada söhbət təkcə hərbi zərbədən getmir, həm də İranın enerji ixracatını tamamilə sıfıra endirə biləcək qlobal blokada və texnoloji müdaxilə ehtimallarından gedir. 72 saatlıq vaxtın qoyulması isə qarşı tərəfə psixoloji təzyiq göstərmək və onları qısa müddətdə geri addım atmağa məcbur etmək məqsədi daşıyır”.
Onun sözlərinə görə, Ağ Evin “bütün kartlar bizim əlimizdədir” mesajı regiondakı güclər nisbətinin ABŞ-nin xeyrinə dəyişdiyini nümayiş etdirmək cəhdidir: “Vaşinqton bu bəyanatla həm də müttəfiqlərinə və rəqiblərinə göstərir ki, artıq Yaxın Şərqdə yeni qaydalar tətbiq olunur. İranın neft terminallarının və emalı zavodlarının hədəfə alınması bu ölkənin iqtisadiyyatının onurğa sütununun qırılması deməkdir ki, Tehran hazırkı şəraitdə buna tab gətirə bilməz. Bu, əslində bir növ ‘enerji müharibəsi’ elanıdır və Trampın danışıqlarda üstünlüyü ələ alması üçün istifadə etdiyi ən kəskin alətdir”.
Xalidbəyli vurğulayıb ki, bu prosesin sonu İranın tamamilə yeni və daha ağır bir müqaviləyə imza atması ilə nəticələnə bilər: “Əgər Tehran rəhbərliyi bu xəbərdarlıqdan sonra kompromisə getməsə, biz neft qiymətlərinin kəskin artması ilə müşayiət olunan genişmiqyaslı eskalasiyanın şahidi ola bilərik. Lakin görünən odur ki, ABŞ bu dəfə qətiyyətlidir və prosesi yarı yolda dayandırmaq niyyətində deyil. Bu gərginlik ya böyük bir hərbi toqquşmaya, ya da İranın diplomatik masada tam kapitulyasiyasına gətirib çıxaracaq ki, Tramp məhz ikinci varianta nail olmaq üçün bütün rıçaqlarını işə salıb”.
Əli Səfərli,
NOCOMMENT.az