Son aylarda ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar və dağlıq bölgələrdə qeydə alınan qar və sulu qar yağışları su ehtiyatlarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Kür çayı hövzəsində artan su axınları və dağ çaylarının sululuğunun yüksəlməsi həm ekoloji tarazlığa, həm də Xəzər dənizinin su səviyyəsinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Ekoloq Qorxmaz İbrahimli QHT.az-a açıqlamasında bildirib ki, bu il ölkə ərazisində həm qışda qar örtüyünün, həm də yaz aylarında yağıntıların çox olması dağlıq və dağətəyi zonalarda su ehtiyatlarının formalaşmasına müsbət təsir göstərib.
Onun sözlərinə görə, sulu qar və qar yağışlarının artması xüsusilə Kür çayı hövzəsində su balansını gücləndirir:
“Bu il yağıntılar həm qışda qar şəklində, həm də yazda yağış formasında daha intensiv oldu. Dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması su ehtiyatlarının yaranması baxımından çox faydalıdır. Bilirik ki, Kür çayı Xəzərə ən böyük su daşıyıcı çaylardan biridir. Təkcə Kür deyil, Terek və Volqa kimi çayların da qidalanması yağıntılardan asılıdır. Yağıntıların artması Xəzər dənizinin səviyyəsinin sabitləşməsi və ya müəyyən yüksəlişi baxımından da müsbət haldır.”
Ekoloq əlavə edib ki, dağ çaylarında sululuğun artması təbii su dövranının güclənməsinə səbəb olur və bu proses ekosistem üçün önəmlidir.
Qorxmaz İbrahimli həmçinin qeyd edib ki, Mingəçevir su anbarı Kür çayının tənzimlənməsində mühüm rol oynayır:
“Mingəçevir su anbarı Kürün daşqınlarını tənzimləmək üçün inşa olunub. O həm enerji istehsalı, həm su ehtiyatlarının idarə olunması, həm də təbii fəlakətlərin qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır. Hazırkı yağıntılı dövrdə Kür çayında su rejimi nəzarətdə saxlanılır və anbar vasitəsilə axın tənzimlənir.”
O bildirib ki, xüsusilə may ayı kimi gur sulu dövrlərdə su balansının düzgün idarə olunması həm təhlükəsizlik, həm də su resurslarının səmərəli istifadəsi baxımından vacibdir.
Zəhra Ağayeva