AZ

"Güclü yağıntılar Kür çayında gərgin vəziyyət yaradıb, əlavə su anbarları zəruridir” - Ənvər Əliyev

Son günlər intensiv yağıntılar və dağlıq ərazilərdə qar əriməsi nəticəsində Kür çayında suyun səviyyəsi artıb. Bu səbəbdən Mingəçevir su anbarından çayın aşağı axını istiqamətində suyun buraxılmasına başlanılıb. Mütəxəssislər bildirir ki, bu proses su ehtiyatlarının tənzimlənməsi və mümkün daşqın risklərinin qarşısının alınması məqsədi daşıyır.

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev QHT.az-a açıqlama verib.

Ə.Əliyevin sözlərinə görə, son dövrlərdə güclü yağıntıların yaratdığı vəziyyət kifayət qədər gərgindir: Doğrudan da, son dövrlərdə baş verən güclü yağıntılar ciddi problemlər yaradıb. Baxmayaraq ki, ölkəmizin əsas çayları transsərhəd xarakter daşıyır və yağıntı sularının yalnız təxminən üçdə biri ərazimizə düşür, yenə də bu az miqdar belə ciddi fəsadlara səbəb olur. Ola bilsin ki, qonşu respublikalarda da oxşar problemlər yaşanır, amma fakt budur ki, bizdə vəziyyət kifayət qədər gərgindir.

Ənvər Əliyev bildirib ki, əsas çaylar üzərindəki su anbarları normalda axını tənzimləməlidir, lakin yağıntılar buna mane olub: Azərbaycanın əsas su arteriyaları olan Kür və Araz çayları kənardan qidalanmasına baxmayaraq, onların üzərində yerləşən bir neçə böyük su anbarı mövcuddur. Kür çayı üzərində Varvara, Yenikənd və Şəmkir, Araz çayı üzərində isə Araz, Xudafərin və Qız qalası su anbarları fəaliyyət göstərir. Bu anbarların əsas məqsədi həm enerji istehsalı, həm də çayların rejimini tənzimləməkdir. Yəni, suyun axını müəyyən qaydada idarə olunmalı, daşqınların qarşısı alınmalıdır. Lakin həddindən artıq yağıntılar bu mexanizmlərin effektiv işləməsinə imkan vermədi.

Ekoloq vurğulayıb ki, bəndlərin dağılması xüsusilə aşağı axın rayonlarında ağır nəticələrə səbəb olub: Nəticədə Kür çayının bir çox hissəsində bəndlər dağılıb və ciddi fəsadlar yaranıb. Xüsusilə Kürün aşağı axarında yerləşən rayonlarda – Neftçala və Salyanda vəziyyət daha ağırdır. Bu ərazilərdə yüz minlərlə həyətyanı sahə, əkin sahələri, evlər və zirzəmilər su altında qalıb. Bu isə həm maddi zərərə, həm də əhali arasında ciddi narahatlığa səbəb olur.

Ə.Əliyevin sözlərinə görə, çayın məcrasının dəyişməsi və bəndlərin yarılması vəziyyəti daha da çətinləşdirib: Əvvəllər Kürün deltası bəndlə bağlanmışdı ki, suyun dənizə axını və balıqların hərəkəti tənzimlənsin. Lakin artıq çay bu bəndi yararaq öz məcrasını dəyişib. Eyni zamanda, Kür və Qarqar çaylarının birləşdiyi ərazidə – Dağcı bəndində də yarılma baş verib və çayın səddi dağılıb. Bu isə vəziyyəti daha da ağırlaşdırır və onu nəzarətdə saxlamağı çətinləşdirir.

Ənvər Əliyev bildirib ki, əlavə su anbarlarının tikintisi daşqınların qarşısını almaq üçün əsas çıxış yoludur: Belə vəziyyətlərdə əsas çıxış yolu əlavə su tənzimləyici anbarların tikilməsidir. Təkcə Kür və Araz çaylarında deyil, onları qidalandıran qollarda da – Qarqar, Girdiman, Duryan və Göyçay kimi çaylar üzərində su anbarlarının yaradılması məqsədəuyğun olardı. Bu, çayların rejimini daha effektiv tənzimləməyə və daşqınların təsirini azaltmağa kömək edərdi.

Ekoloq vurğulayıb ki, vaxtilə təklif olunan genişmiqyaslı layihələr həyata keçirilsəydi, fəsadlar daha az olardı: Vaxtilə Böyük Qafqazın cənub yamacında, Balakəndən başlayaraq Pirsaata və daha şərq istiqamətində ümumilikdə 44 su anbarının tikilməsi təklif olunmuşdu. Əgər bu layihələr həyata keçirilsəydi, bu gün baş verən fəsadların qarşısını xeyli dərəcədə almaq mümkün olardı.

Ə.Əliyevin sözlərinə görə, mövcud anbarlardan buraxılan sular da aşağı axın üçün risk yaradır və diqqətlə idarə olunmalıdır: Digər tərəfdən, mövcud su anbarlarından buraxılan sular da aşağı axınlarda yerləşən yaşayış məntəqələri və əkin sahələri üçün risk yaradır. Buna görə də bu proses diqqətlə tənzimlənməlidir. Xəzər dənizindəki bəndin dağılması isə müəyyən mənada daha böyük fəlakətin qarşısını almış oldu. Əks halda, daşqınların miqyası daha geniş ola bilərdi.

Ənvər Əliyev bildirib ki, daşqın sularının lil tərkibi torpaqları yararsız hala salır və xüsusi diqqət tələb edir: Unutmaq olmaz ki, daşqın suları lil ilə zəngin olur və bu, həyətyanı sahələri, əkin yerlərini və otlaqları yararsız hala salır. Bu, adi suvarma suyu deyil və təsirləri daha dağıdıcıdır. Ona görə də bu məsələlərə xüsusi diqqətlə yanaşmaq lazımdır.

Ekoloq vurğulayıb ki, su anbarlarının artırılması və müasir idarəetmə sistemləri problemin əsas həllidir: Nəticə etibarilə, əsas həll yolu su anbarlarının sayının artırılması və suyun düzgün idarə olunmasıdır. Bu anbarlar həm daşqınların qarşısını almağa, həm suvarma sistemlərini inkişaf etdirməyə, həm də balıqçılıq və kənd təsərrüfatını dəstəkləməyə xidmət edə bilər. Bununla yanaşı, suvarma sistemlərində müasir texnologiyaların tətbiqi vacibdir ki, torpaqlar şoranlaşmasın və yeraltı şor suların səthə çıxmasının qarşısı alınsın.

Fatimə Nəbiyeva

Seçilən
16
41
qht.az

10Mənbələr